Ermənistandan növbəti riyakarlıq: İrəvanın mina xəritələri ilə bağlı yalanları - TƏHLİL

Ermənistandan növbəti riyakarlıq: İrəvanın mina xəritələri ilə bağlı yalanları - TƏHLİL

Ermənistan Milli Təhlükəsizlik Xidməti yanvarın 25-də Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə açıqlama yaydı. Açıqlamaya görə, hərbçilərlə aparılan son dəqiqləşmələrdən sonra daha 8 mina xəritəsi Azərbaycana təqdim olunacaq.

Bu açıqlama bir neçə aspektdən qəribə və qeyri-səmimi görünür.

İlk növbədə, açıqlama bundan əvvəl Azərbaycana əlindəki bütün xəritələri təqdim etdiyini deyən İrəvanın növbəti yalanını üzə çıxarır.

Belə ki İkinci Qarabağ Müharibəsinin bitməsindən bu günə qədər Ermənistan 5 dəfə Azərbaycan ərazilərində basdırılmış mina sahəsi formulyarları təqdim edib. Sonuncu dəfə bu proses 2021-ci il noyabrın 29-da baş tutub.

Həmin vaxtdan ötən 2 ildən artıq müddətdə Ermənistan rəhbərliyi ən yüksək səviyyədə mina xəritələrinin hamısını təqdim etdiyini açıqlayırdı.

8 mina xəritəsi ilə bağlı açıqlama isə bu müddətdə Ermənistanın tək Azərbaycanı deyil, beynəlxalq birliyi də aldatdığını, gizlətdiyi əlavə xəritələrin olduğunu ortaya qoyur.

2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra ümumiyyətlə əlində mina xəritələrinin olmasını inkar etdiyini yada salsaq, əminliklə söyləmək olar ki, Ermənistanın bu mövzuda açıqlamaları da yalan və dezinformasiyadan başqa bir şey deyil.

Daha bir vacib məsələ Ermənistanın bu günə kimi təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi ilə bağlıdır. Azərbaycan tərəfi ötən müddətdə həmin xəritələrin dəqiqliyinin cəmi 25% təşkil etdiyini açıqlayıb.

Azərbaycan tərəfi daim onu da bəyan edir ki, xəritələr yararsız və natamam olduğu üçün real vəziyyəti əks etdirmir. Məsələn, Ermənistan ərazilərimizdə guya 400 min mina basdırıldığını qeyd etsə də, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur.

Təsadüfi deyil ki, son illərdə mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Qeyri-dəqiq xəritələr təqdim etməklə, İrəvan bir tərəfdən beynəlxalq birlik qarşısında xal qazanmağa, 30 il ərzində minaladığı ərazilərin miqyasını gizlətməyə, digər tərəfdən isə, Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına çətinlik törətməyə çalışır.

Ermənistan minaladığı ərazilərin dəqiq konturlarını təqdim etməməklə Azərbaycanın minaların zərərsizləşdirilməsinə maksimum çox enerji, vaxt və vəsait xərcləməsi məqsədini güdür.

Azərbaycan ərazilərində 2021-ci il istehsalı olan minaların aşkar olunması isə minalama prosesinin Qarabağda Rusiya sülhməramlı kontingentin yerləşdirilməsindən sonra da davam etdiyini göstərir.

Ehtimal olunur ki, 2020-ci ilin noyabrından sonra Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yarım milyondan çox mina basdırılıb.

Bu isə mina problemini daha da kəskinləşdirir, ərazilərin minadan təmizlənməsi işlərini çətinləşdirir və uzadır.

Faktiki olaraq, Ermənistan Azərbaycanı mina şantajına məruz qoyur, bu məsələdən “siyasi alver”, sülh danışıqlarından əlavə dividendlər qazanmaq üçün vasitə kimi istifadə edir.

Məsələnin insani, humanitar aspekti isə rəsmi İrəvanı maraqlandırmır. Maraqlandırsaydı, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 vətəndaşımızın mina partlayışından zərər çəkməsinə göz yummazdı, mina xəritələrini tam şəkildə Azərbaycana təhvil verərdi.

Buna görə Ermənistan tərəfinin 8 mina xəritəsinin Azərbaycana veriləcəyi ilə bağlı açıqlaması gözdən pərdə asmaq, beynəlxalq birlik qarşısında humanist obraz yaratmağa hesablanmış ucuz priyom hesab olunmalıdır. Rəsmi Bakı isə bunu yaxşı anlayır və Azərbaycan Xarici İşlər Nazirliyinin ötən gün məsələyə verdiyi reaksiya bunu əyani şəkildə göstərir. “Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə vermək olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsini gözləyir”, - XİN-inm açıqlamasında bildirilir.

Bu kontekstdə dünya birliyinin, beynəlxalq təşkilatların Qarabağdakı mina böhranı ilə bağlı səssizliyi, hadisələrə aydın və sərt reaksiya verməməsi də təəssüf və təəccüb doğurur. Onlar Ermənistanın mina xəritələrini tam şəkildə Azərbaycana təhvil verməsi üçün effektiv təsir vasitələrindən istifadə etmir. Halbuki başqa ölkənin ərazisində yaratdığı humanitar böhrana görə Ermənistan beynəlxalq prinsiplərə uyğun şəkildə cavab verməlidir.

Rəsmi Bakı dəfələrlə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət edib ki, mina xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana təsir və təzyiq göstərsin. Lakin bu istiqamətdə heç bir addım atılmayıb, əksinə, bu gün də Ermənistana haqsız dəstək verilir. 30 illik işğal müddətində olduğu kimi, Azərbaycan yenə də ədalətsiz yanaşma ilə üz-üzədir.

Əminliklə demək olar ki, Ermənistan sülh gündəliyinin bütün istiqamətlərində qeyri-konstruktiv, pozucu münasibət göstərir. Bu pozucu münasibət mina xəritələrinin verilməsi məsələsində də özünü qabarıq nümayiş etdirir.

Buna görə də sülh müqaviləsinin imzalanması üçün Ermənistan əlində olan, gizlətdiyi mina xəritələrini tam şəkildə Azərbaycana təqdim etməli, illərlə davam edən mina terroruna birdəfəlik son qoymalıdır.

Birxeber.Az Analytics