Prezident İlham Əliyev pakistanlı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev pakistanlı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu göndərib.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

“Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik.

Belə bir bayram günündə Sizə ən xoş arzularımı çatdırır, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.