“Axı xəbərdarlıq edilmişdi” - Terrorun baş verdiyi “Crocus”dan REPORTAJ

“Axı xəbərdarlıq edilmişdi” - Terrorun baş verdiyi “Crocus”dan REPORTAJ

Moskva dairəvi yolunun 65-66-cı kilometri, Rusiya paytaxtının ən tanınmış məkanlarından biri “Crocus City” terror hücumuna məruz qalıb.

Bu məkan özündə ticarət və əyləncə mərkəzləri, konsert salonları və sərgi komplekslərindən ibarət şəhərcikdir.

Gün ərzində on minlərlə insanın ziyarət etdiyi bu şəhərcik martın 22-də Moskva vaxtı ilə saat 20:15 radələrində terror hücuma məruz qalıb.

Ünvanın terror törətmək məqsədi ilə seçilməsi heç də təsadüf deyil. Belə ki, qeyd etdiyim ki, “Crocus City” ərazicə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşsə də, paytaxt Moskvaya yaxın ərazi hesab olunur. Həm də burada yerləşən müasir konsert salonları, sərgi kompleksləri və ticarət mərkəzləri şəhərin mərkəzində yerləşən müvafiq obyektlərdən daha böyük və daha müasir hesab olunur.

Eyni zamanda sadaladığım xüsusiyyətlər məkanın ətrafında daim tıxacların yaranmasına səbəb olur. Elə buna görə də, terror aktı baş verəndən sonra yanğınsöndürən avtomobillərin, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə cəlb olunması uzun vaxt aparırdı. Hətta güc strukturları, polis qüvvələrinin belə hadisə yerinə gec gəldiyinə dair məlumatlar yayılmışdı.

Hadisə barədə məlumat yayılan kimi təcili “Crocus”a yollandıq. Naviqator terror aktının baş verdiyi əraziyə 3 kilometr radiusda 8 ballıq tıxac göstərirdi. Çünki, yol polisi, xüsusi xidmət orqanlarının avtomobilləri Moskva dairəvi yolunu bağlamışdı.

“Crocus City”yə gedən yol tamamilə polis və digər güc strukturları tərəfindən mühasirəyə alınmışdı. Terror aktının baş verdiyi ərazidə yalnız yanğınsöndürən və təcili yardım briqadaları, eləcə də hüquq-mühafizə orqanlaırnın əməkdaşları, müstəntiqlər işləyirdi. “Crocus” şəhərciyinə çıxan “Myakinino” metro stansiyası da təhlükəsizlik səbəbi ilə sərnişinlərin giriş-çıxışı üçün bağlanmışdı. Ona görə terrorun baş verdiyi əraziyə metro ilə getmək də mümkün deyildi. Ancaq şəxsi avtomobil və ya taksi ilə hadisə yerinə getmək olardı.

Hadisə yerinə çatanda hələ də “Crocus City Hall”da atəş səsləri eşidilirdi. Yerli teleqram kanalları terroçuların içəridə barrikadalar qurduğu, Rosqvardiya və xüsusi təyinatlı polis “SOBR”un onlara qarşı əməliyyat keçirdiyi barədə məlumatlar yayırdı.

Lakin sonradan bu məlumatlar öz təsdiqini tapmadı. Hadisə yerində də heç kəsdən məlumat almaq mümkün deyildi. Polis və digər güc strukturları kənar şəxsləri hadisə yerindən dərhal uzaqlaşdırırdılar.

Ətrafda polis, təcili tibbi yardım avtomobillərinin xüsusi səs siqnalından, eləcə də havada uçan onlarla helikopterlərin səsindən insanlar arasında təşviş hiss olunurdu.

Moskva dairəvi yolu ilə hərəkət edən insanlar avtomobillərini yol kənarına çəkib alovlar içində yanan “Crocus City Hall”u müşahidə edirdilər.

Müşahidə zamanı insanların pıçıltı ilə bir-birilərinə “Axı Amerika Səfirliyi xəbərdarlıq etmişdi” dediklərinin dəfələrlə şahidi oldum.

Bəli, mart ayının əvvəlində ABŞ və Böyük Britaniya Səfirlikləri Rusiyada olan vətəndaşlarını kütləvi konsert salonlarına getməkdən çəkinməyə çağırmış, terror təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq səfirliklərin saytında da yerləşdirilmişdi.

Lakin rəsmi Moskva bu xəbərdarlığın rusiyalıların gözünü qorxutmaq üçün edildiyini açıqlamışdı.

Rusiya İstintaq Komitəsi baş vermiş insidentlə bağlı artıq terror aktı maddəsi ilə cinayət işi açıb. Mətbuatda terrorun İŞİD tərəfindən öz üzərində götürüldüyünə dair məlumat yayılsa da, sonradan bu məlumatın təsdiqini tapmadığı bildirilib.

Rusiya rəsmiləri isə ilk dəqiqələrdən Ukraynanın hədəf göstəriblər. Hətta hökümətyönümlü teleqram kanallarında terrorun baş verdiyi əraziyə yaxın, “Crocus City”nin dayanacağında Ukrayna dövlət nömrə nişanlı mikroavtobusun tapıldığına dair məlumat da yayıblar. Yenə təsdiqlənməyən məlumatlara görə, terrorçular “Reault” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar. Hazırda hüqüq-mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri planının həyata keçirildiyi açıqlanıb.

Yerli teleqram kanalları 100-dən çox ölü sayının olduğunu açıqlasa da, Rusiya Federal Təhlükəsizlik Xidməti ölənlərin sayının 40 olduğunu təsdiqləyib. Lakin Rusiya rəsmiləri həlak olanların sayının daha çox olacağını təxmin etdiklərini bildiriblər.

Moskvada baş vermiş terror aktı ilə əlaqədar şənbə-bazar günləri bütün kütləvi və əyləncəli tədbirlər təxirə salınıb. Rusiya prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi gözlənilir.