Medvedev terror aktını Ukraynanın törədə biləcəyinə işarə edib: Onlar tapılıb məhv edilməlidirlər

Medvedev terror aktını Ukraynanın törədə biləcəyinə işarə edib: Onlar tapılıb məhv edilməlidirlər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskva vilayətindəki konsert zalında baş vermiş terror aktında Ukraynanın da əli ola biləcəyinə işarə edərək onların “amansızca məhv edilməsinə” çağırış edib.

“Report” xəbər verir ki, bu barədə sabiq prezident teleqramda yazıb.

“Terrorçuların başa düşdüyü ancaq cavab terrorudur”, – Medvedev vurğulayıb. Onun sözlərinə görə, “heç bir məhkəmə və təhqiqat kömək etməyəcək”. Siyasətçi terrorçulara qarşı “total edam”, ailələrinin isə repressiya olunmasını təklif edir.

Eyni zamanda, Medvedev ölkəsinin müharibə apardığı Ukraynadan da yan keçməyib: “Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə <...> Onların hamısı tapılmalı və terrorçu kimi amansızca məhv edilməlidir. O cümlədən bu cür vəhşiliyə yol verən rəsmi şəxslər də”.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.