ABŞ KİV: Vaşinqton İŞİD-in terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyib

ABŞ KİV: Vaşinqton İŞİD-in terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyib

ABŞ “Krokus siti holl” konsert zalında törədilmiş terror aktına görə məsuliyyəti İslam Dövlətinin öz üzərinə götürdüyü barədə məlumatı təsdiqləyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə amerikalı rəsmilərinə istinadən “The New York Times”, həmçinin adı açıqlanmayan amerikalı məmura istinadən “CBS News” telekanalı bildirib.

“ABŞ rəsmisi “CBS News”a bildirib ki, Birləşmiş Ştatlar İŞİD-in məsuliyyət iddialarını dəstəkləmək üçün kəşfiyyat məlumatlarına malikdir və bu iddialara şübhə etmək üçün heç bir əsas yoxdur”, – telekanal nəql edib.

“The New York Times” qəzetinin yazdığına görə, mart ayında ABŞ İŞİD-in Rusiyada terror aktı planlaşdırdığına dair kəşfiyyat məlumatları toplayıb. Amerika rəsmilərindən biri vurğulayıb ki, İŞİD üzvləri Rusiyada fəaldırlar.

“Soufan Group” təhlükəsizlik konsaltinq şirkətinin terrorla mübarizə üzrə analitiki Kolin Klark deyib ki, “İŞİD – Xorasan” sözügedən təşkilatın “İŞİD-K” kimi tanınan Əfqanıstan qoludur. Onlar son iki il ərzində öz təbliğatlarında Rusiya Prezidenti Vladimir Putini tənqid edirlər. İŞİD-K üzvləri Rusiyanın Çeçenistan, Suriya və Əfqanıstanda apardığı müharibələrə istinad edərək onun əlində müsəlmanların qanı olduğuna inanırlar.

“The New York Times” həmçinin yazır ki, ABŞ martın 7-də Rusiyada törədilmiş terror aktı təhlükəsini təkcə açıq şəkildə deyil, həm də özəl şəkildə Rusiya rəsmilərinə çatdırıb.

Xatırladaq ki, İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.

Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.