“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar - YENİLƏNİB-2

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar - YENİLƏNİB-2

Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 medal qazanıb.

“Report”un məlumatına görə, daha bir idmançımız bürünc mükafat əldə edib.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian Limaya məğlub olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) yarışda üçüncü yeri tutub. İlk gündə turnirə qoşulan digər 6 cüdoçu medalsız qalıb.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

17:27

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.

“Report”un məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu üstələsə də, bu dəfə əlavə vaxtda məğlub olub. Bununla Azərbaycan yarışın birinci günündə ilk medalını qazanıb.

Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.

15:41

Azərbaycanın 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində medal qazanmaq şansını davam etdirir.

“Report”un məlumatına görə, Balabəy Ağayev (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

B.Ağayev yarımfinalda, digər iki idmançı isə 1/4 finalda rəqibinə məğlub olub.

Balabəy Ağayev üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşvili ilə qarşılaşacaq. Sardalaşvili təsəlliverici dueldə millimizin digər üzvü Turan Bayramovu üstələyib. Ruslan Paşayev italiyalı Matteo Pirasla, Rəşad Yelkiyev isə braziliyalı Villian Lima ilə üz-üzə gələcək.

Turnirin ilk günündə mübarizə aparan qadın cüdoçular Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Acelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) isə uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.