Blinken-Fon der Lyayen-Paşinyan kritik görüşü: Ermənistan vasitəsilə Qafqazda yeni müharibə hazırlanır? - TƏHLİL

Blinken-Fon der Lyayen-Paşinyan kritik görüşü: Ermənistan vasitəsilə Qafqazda yeni müharibə hazırlanır? - TƏHLİL

Dünən Ermənistan rəsmilərinin verdiyi açıqlamalarında məlum oldu ki, aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə Ermənistanın təhlükəsizliyi, bu dövlətin “inkişafı” ilə bağlı üçtərəfli görüş keçiriləcək. Hazırda Yaxın Şərqdə dünyanın bir nömrəli problemlərindən sayılan İsrail və Fələstin (Həmas) arasında müharibənin və Rusiya-Ukrayna arasında savaşın getdiyi bir vaxtda Blinken və Fon der Layenin vaxt taparaq aprelin 5-də N.Paşinyanla Ermənistanın təhlükəsizliyi və gələcəyi ilə bağlı görüşə gəlmələri Cənubi Qafqazla bağlı qlobal güclərin ciddi planlarının olduğunun göstəricisidir. Hətta daha da irəliyə getsək, qətiyyətlə deyə bilərik ki, son zamanlar bəşəriyyətin mühüm qlobal çağırışlarla üz-üzə qaldığı bir vaxtda Qərbin ayrı-ayrı təsisatları tərəfindən Ermənistanla bağlı verilən bəyanatlar və müntəzəm görüşlərin keçirilməsi Cənubi Qafqazın böyük güclər arasında növbəti “rəqabət-çəkişmə” coğrafiyası olduğuna dəlalət edir.

Hələ NATO-nun baş katibi Stoltenberqin bölgəyə səfərindən əvvəl yayılan məlumatlarda, ABŞ və Aİ-nın Ermənistanla, bir vaxtlar Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna arasında imzalanan sazişin analogiyası olan təhlükəsizlik sahəsində pakt imzalamağa hazırlaşdıqları bildirilirdi. Ermənistanın hazırda KTMT ilə bağlı qəti mövqeyi, İrəvan hava limanında faktiki olaraq Rusiya sərhədçilərinin neytrallaşdırması rəsmi İrəvanın Kremlə qarşı siyasəti ilə bağlı qarantiya aldığının göstəricisidir. İstisna deyil ki, sərhəddə yerləşdirilən Avropa Monitorinq Missiyası (EUMA) çərçivəsində adı çəkilən qrupun səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı yeni razılıq əldə edilsin və 30 illik işğal tarixi olan dövlətin təhlükəsizliyi başda Fransa olmaqla Qərbin kurasiyasına keçsin.

Bu günlərdə Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə yerləşən Avropa Monitorinq Missiyasının (EUMA) statusu haqqında sazişi ratifikasiya etdi. Bu missiya Aİ ölkələrinin, xüsusən də Fransanın kəşfiyyat orqanlarının fəaliyyəti üçün qanuni örtükdən başqa bir şey deyil. Qeyd edək ki, 2023-cü ilin sonunda Azərbaycanda Fransa kəşfiyyat şəbəkəsinin ifşası ilə bağlı ciddi diplomatik qalmaqal yaşanıb və bu, bəzi diplomatların ölkədən çıxarılması və Fransa vətəndaşlarının həbsi ilə nəticələnib. Azərbaycan mətbuatı həmin agentlərin Moldova, Ukrayna və Gürcüstanda da işlədiyini yazıb. Elə bu məlumatlar fonunda, Afrikada və postsovet məkanında Fransanın agentura şəbəkəsinin bir neçə dövlət tərəfindən ifşa edilməsindən sonra bu dövlətin Xarici Kəşfiyyatının (DGSE) direktoru Bernard Emie vəzifəsini itirmişdi. İndi isə bəzi qaynaqlardan əldə edilən məlumatlara görə, Gürcüstandakı səfirlikləri və Ermənistanda birbaşa olaraq Baş nazirin yandırdığı yaşıl işıq sayəsində Paris dünyada itirilmiş mövqelərini Qafqazda sığortalamaq istəyir.

Bir daha qeyd etmək yerinə düzər ki, bir müddət əvvəl Azərbaycan ərazisində Fransa səfirliyinin daxilində fəaliyyət göstərən və Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirən şəbəkə ifşa edilmişdi!

Əslində, baş verənlərin təsadüf olduğunu demək yersiz olardı. Heç kimdə sirr deyil ki, postsovet dövlətlərinin hər birində baş tutan rəngli inqilabların əsl səbəbi müəyyən mərkəzlərin öz geosiyasi maraqlarını reallaşdırmaları ilə bağlı idi. Ancaq Ermənistan hələlik sonuncu inqilab məkanı olduğundan ona yaxın olan dövlətlərdəki Qərbpərəst və “demokratikləşmə” xəyallarının hansı ağır nəticələrə gətirdiyindən nəticə çıxarmalı və idealda eyni səhvləri təkrar etməməli idi. Lakin baş verənlər Nikol Paşinyanın qonşu dövlətlərdəki digər liderlərdə olan “nəyin bahasına olursa-olsun Avropa İttifaqının üzvü olmaq” formulu üzrə hərəkət etdiyini göstərir. Ermənistanın Rusiya və Qərb arasında demarşlarını bizi maraqlandıran tərəfi isə bu addımların birbaşa Azərbaycanın təhlükəsizliyinə təhdid təşkil etməsidir.

Demək olar ki, hər həftə Fransada, Avropa İttifaqının müxtəlif institutlarında və Avropanın ayrı-ayrı ölkələrinin parlamentlərinin hansısa komitələrində Qarabağdakı ermənilər, Ermənistanın sərhədləri və ərazi bütövlüyü, bu kimi digər mövzular müzakirə edilir, Azərbaycanın imicini qaralamağı məqsəd güdən müxtəlif bəyanatlar səsləndirilir. 30 illik işğal və 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz evlərindən didərgin yaşadığı dövrdə ağzına su alan, 44 günlük müharibədən sonrakı sülh dövründə ermənilər tərəfindən basdırılan minalar ucbatından yaralanan və həlak olan azərbaycanlı mülki əhali ilə maraqlanmayan Qərbin aidiyyəti dairələri öz birtərəfli və ədalətsiz siyasəti ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına maneə törədir və iki tərəf arasında müxtəlif məsələlərlə bağlı razılığın əldə edilməsini faktiki olaraq bloklamış olur.

Əslində, Qərb başa düşməlidir ki, Ermənistanın onun siyasi və hərbi strukturlarına inteqrasiyasının ən birinci yolu Bakı və İrəvan arasında imzalanacaq sülh müqaviləsi, eyni zamanda Zəngəzur dəhlizinin açılmasıdır. Əgər Qərbin doğrudan da belə bir marağı olsaydı, Ermənistan və Azərbaycan arasında sülhə töhfə verəcək addımlar atmış olardı. Lakin görünən odur ki, başda Paris olmaqla bu mərkəzlərin əsas məqsədi nəyin bahasına olursa-olsun Cənubi Qafqazda öz geosiyasi maraqlarını başqa yollarla təmin etmək, Rusiyanın cənuba doğru yolunu kəsmək, nəticə etibarilə bölgəni yeni müharibə alovuna qərq etməkdir. Həmişə olduğu kimi ermənilər bunda əsas rolda çıxış etməkdədir. Ümumiyyətlə, tarixə nəzər yetirdikdə ermənilərin daim onun-bunun ortasında qalaraq kimdənsə imdad güddükləri və kiməsə qarşı arxadan zərbə endirdiklərini əminliklə deyə bilərik. Təkcə Rusiya və ermənilər arasında tarixə nəzər yetirdikdə Romanovlar sülaləsinə xəyanət, SSRİ-nin sonlarında Kremlə qarşı bölgədə arxa cəbhə açdıqları heç kimdə sirr deyil. Bu dəfə isə Rusiya prezidenti V. Putinə qarşı bölgədə əsas qığılcım funksiyasını yerinə yetirmək istəyirlər. Ermənistanın Baş nazir aparatının ölkə mediası vasitəsilə Qarabağ klanının Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etməyə çalışdığı barədə "Rusiya hərbi bazaları Ermənistana heç bir üstünlük qazandırmır, əksinə, problem yaradır" tezislərini ötürməsi, Moskva ilə bağlı sərt bəyanatları və Rusiyadakı seçkilərdən sonra Putinə göndərilən gecikmiş təbrik məktubu bu dövlətin Sorosun digər ölkələrdə təşkil etdiyi inqilablardan sonra başlatdığı ssenari üzrə siyasi xətt apardığını göstərir.

İmzalanması nəzərdə tutulan təhlükəsizlik haqqında pakt və ya Ermənistanın təhlükəsizliyi ilə bağlı bu dövlətə veriləcək qarantiya Azərbaycanda müsbət qarşılanmır, çünki gələcəkdə bu dövlətin ölkəmizə qarşı revanşizminə və yenidən müharibəyə başlamasına gətirib çıxara bilər. Hazırda Fransanın ciddi şəkildə Ermənistanı silahlandırması, Hindistan, Fransa və Ermənistan arasında faktiki olaraq qurulan yeni “alyans” Makronun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olması məqsədilə yanaşı, həm də, Avrasiyanın Orta Xəttində Çin və Rusiyaya qarşı geosiyasi mübarizəsi və orta xətti (Zəngəzur dəhlizini) Pekinin və Moskvanın öhdəliyinə verməmək məqsədini güdür, Ermənistanda isə Azərbaycana qarşı güclənmə və revanş hisslərini alovlandırır.

Həmçinin, Azərbaycanın Qərblə Şərqin, Şimalla Cənubun birləşdirilməsi və inteqrasiyasını nəzərdə tutulan dostluq körpüsü, Zəngəzur dəhlizi uğrunda gedən Fransa, Hindistan, ABŞ, Britaniya, İran, Rusiya arasındakı bu savaş bölgənin gələcəyini təhdid altında qoymaqla yanaşı, Çin-Avropa ticarət yolunun Şimal və Cənub vektorlarından sonra orta xətt istiqamətində də qeyri-sabitliyin bərqərar olmasına hesablanıb. Nümunə göstərmək olar ki, fransız parlamentarilərin Ermənistanla bağlı dinləmələrdə səsləndirdikləri fikirlərə görə, hərçənd Zəngəzur vilayəti Ermənistanın cənubunda yerləşir, əhalinin sıx məskunlaşdığı dağ regionudur, amma özünün 4500 kvadrat/kilometrlik sahəsinə, coğrafi baxımdan mərkəzdən uzaqda yerləşməsinə baxmayaraq, Cənubi Qafqazın geosiyasi məsələlərində önəmli yerə malikdir. Müraciətin müəllifləri hesab edirdilər ki, bu vilayəti önəmli edən digər amil, birinci növbədə, zəngin faydalı qazıntı yataqları və bunun da emalının Ermənistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olmasıdır: “Düzdür, Sünik (Zəngəzur) İrəvanla yalnız bir dağ yolu ilə bağlıdır, amma İran sərhədi vasitəsilə xarici aləmlə əlaqə saxlamaq üçün olduqca vacib dəhliz rolunu oynayır. 35 kilometrlik Ermənistan-İran sərhədi bu ölkə üçün böyük əhəmiyyət kəsb edir”.

Hazırda Qərb tərəfindən Ermənistanın, ələlxüsus Sünik-Qərbi Zəngəzur bölgəsinə hücum xarakterli silahların yerləşdirilməsi açıq şəkildə göstərir ki, sülhün bərqərar olması rəsmi Paris başda olmaqla müəyyən beynəlxalq dairələrə heç cür sərf etmir. Onlar Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edirlər. Ehtimal etmək olar ki, Qərb yeni müharibə ilə Rusiyanı Ermənistandan tamamilə çıxarmaq və bu dəfə öz hərbçilərini sülhməramlı və digər missiya adları altında bölgədə yerləşdirməyi əsas məqsəd kimi qarşısına qoyub. Bu addımlar və planlar fonunda Rusiya və İranın sakit qalmayacağını nəzərə alsaq, Cənubi Qafqazın Paşinyanın kobud xarici siyasət manevrləri ucbatından potensial barıt çəlləyinə dönə biləcəyini söyləmək olar.

Beləcə, Əfqanıstandan başlayaraq Misirə qədər, Balkanlardan başlayaraq Xəzərə qədər yeni qeyri-sabitlik ocaqlarını yaradan qlobal mərkəzlər bölgədə öz məqsədyönlü oyunlarını aparmaq niyyətindədirlər. Ermənistanın siyasi rəhbərliyi bilməlidir ki, böyük güclər arasında mübarizədə tarixdə olduğu kimi növbəti dəfə qurban rolunu öz öhdələrinə götürmüş olacaqlar. Hüquqi sənədlərə görə, Rusiya hərbi bazasının 2044-cü ilə qədər Ermənistanda qalmalı olduğu, Fransa hərbi kontingentinin yaxın aylarda Ermənistana peyda olacağının mümkünlüyü və Avropa İttifaqının da mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya və İrana qarşı kəşfiyyat fəaliyyəti göstərdiyini də nəzərə aldıqda, bu ölkəni gözləyən aqibəti təxmin etmək o qədər də çətin deyil.

Öz növbəsində, Ermənistan ilə təhlükəsizlik sahəsində saziş imzalanan bütün tərəflər bilməlidir ki, Azərbaycan Respublikası kimlərinsə öz geosiyasi maraqlarını bizim maraqlarımız hesabına reallaşdırmalarına yol verməyəcək və onların bölgədə istəklərinin təmin edilməsi Azərbaycanın haqq səsi nəzərə alınmadan mümkün deyil. Rəsmi Bakı bölgədə tezliklə sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin bərpa edilməsi, bir sözlə regionda yeni səhifənin açılmasında maraqlıdır və bunun üçün bütün lazımi addımları atır. Ermənistan uduzan tərəf kimi beynəlxalq hüquqa əsaslanan tələblərimizi yerinə yetirməli, bölgədə silahlanma yarışını dərhal dayandırmalı, Azərbaycan torpaqlarına iddia etmədiyini sübut edən öhdəliklərini dərhal yerinə yetirməlidir. Əgər Ermənistan və Fransa tərəfindən Azərbaycan sərhədçiləri və ordusu istiqamətində təxribatlar həyata keçirilərsə, 30 il işğalla məşğul olan, SSRİ-yə daxil olarkən ərazisi cəmi 9 000 kv.km olan bu dövlətin gələcək aqibətinin sual altında qalacağı heç kimdə şübhə doğurmamalıdır.

Bakı Politoloqlar Klubu Siyasi Tədqiqat Mərkəzinin sədri Zaur Məmmədov