İrlandiyada ən gənc siyasətçi baş nazir postuna əsas namizədə çevrilib

İrlandiyada ən gənc siyasətçi baş nazir postuna əsas namizədə çevrilib

İrlandiyanın ali təhsil, elm və innovasiyalar naziri Saymon Harris mərkəzçi mühafizəkar “Fine Gel (Fine Gael – Qeyd)” partiyasına rəhbərlik etməyə və bu əsasda ölkənin baş naziri postunu tutmağa əsas namizəd olub.

“Birxeber.Az”un məlumatına görə, bu barədə “RTE” xəbər verib.

Qeyd olunub ki, Çərşənbə günü qəfil istefa verən Leo Varadkarın yerinə hər iki vəzifəyə namizədlik prosesi rəsmi olaraq yerli vaxtla saat 10:00-da başlayıb.

Bu müddət ərzində 37 yaşlı Harris “Fine Gel” millət vəkillərinin təxminən yarısının dəstəyini alıb. Telekanalın məlumatına görə, parlamentin hər iki palatasında və Avropa Parlamentinin deputatı kimi 54 nümayəndəsi olan partiyadan ona təxminən 26 səs verilib.

Bir gün əvvəl partiya rəhbəri vəzifəsinə əsas iddiaçılar hesab edilən yerdə qalan namizədlər seçkidə iştirak etməyəcəklərini bildiriblər.

Maraqlıdır ki, indiyədək heç kim partiya liderinin seçkisində iştirak etmək üçün özünü rəsmən irəli sürməyib. “RTE”nin məlumatına görə, Harris bunu cümə axşamı etməlidir.

Harris ilk dəfə 24 yaşında ölkə Parlamentinə seçilib. O, ən böyük şöhrəti koronavirus pandemiyası zamanı səhiyyə naziri vəzifəsində çalışarkən qazanıb. Baş nazir seçildikdən sonra o, ölkə tarixində bu vəzifədə çalışan ən gənc siyasətçi olacaq.