Qrimm qardaşlarının nağılları 215 min avroya satılıb - FOTO

Qrimm qardaşlarının nağılları 215 min avroya satılıb - FOTO

Kölndə Qrimm qardaşlarının "Uşaq və ailə nağılları"nın ilk nəşrinin nadir nüsxəsi rekord məbləğə -215 min avroya satılıb.

APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, satış “Venator & Hanstein” hərrac evində baş tutub.

“545” nömrəli lotun başlanğıc qiyməti 100 min avro olub. Söhbət “Uşaq və ailə nağılları”nın (“Kinder-und Hausmärchen”) ikicildlik nəşrindən gedir. Bu, Yakob və Vilhelm Qrimm tərəfindən hazırlanmış nağıllar toplusudur. 1812-1815-ci illərdə nəşr olunan ilk cidlərin tirajı 700 nüsxədir. Ancaq ötən dövr ərzində nüsxələrin əksəriyyəti zədələnib. Kölndə hərraca çıxarılan nümunə qorunub saxlanılan nadir nümunələrdəndir.

Düzdür, bu nüsxə də tam qüsursuz deyil, kənarları və küncləri bir az saralıb, bəzi yüngül cızıqlar və aşınma əlamətləri var. Beş səhifədə də kiçik boşluqlar var.

Qrimm qardaşlarının qeydləri, şərhləri və əlavələri ilə dərc edilən bu kitabların 16 orijinal nüsxəsi 2005-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Sənədli İrsi elan edilib.