XİN: Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur

XİN: Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur

30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı şərhində qeyd edilib.

"Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış antiterror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur", - şərhdə vurğulanıb.