Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı şərhi

20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur.

30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq.