Azərbaycan TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısında təmsil olunub

Azərbaycan TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısında təmsil olunub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qazaxıstanda keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısında iştirak edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstanın kənd təsərrüfatı naziri Aidarbek Saparov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Qazaxıstanın kənd təsərrüfatı naziri Aidarbek Saparov TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Toplantıda müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğu diqqətə çatdırılıb.

Öncədən müəyyən edilən meyarlar əsasında 2024-cü ilin sentyabr ayından etibarən Qazaxıstanın Taraz şəhəri TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib. TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısının Qırğızıstanda keçirilməsi barədə razılıq əldə olunub.

Tədbirin sonunda Yekun Bəyannamə qəbul olunub.

Toplantı çərçivəsində təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin dövlət qurumları və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətlərinin III Aqrobiznes Forumu keçirilib. Həmçinin, toplantı iştirakçıları “KazAgroJambyl-2024” beynəlxalq kənd təsərrüfatı forumu çərçivəsində təşkil olunan sərgiyə baş çəkiblər.

M.Məmmədov səfər çərçivəsində Qazaxıstan və Özbəkistanın kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərərfli əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.