Azərbaycan türkdilli ölkələrə vahid brend altında istehsal təklif edib

Azərbaycan türkdilli ölkələrə vahid brend altında istehsal təklif edib

Azərbaycanın kənd təsərrüfatı nazir Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı (TDT) brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı pilot layihəyə başlanılmasını, təşkilat daxilində ümumi kənd təsərrüfatı sığortası sisteminin tətbiqi imkanlarının araşdırılmasını təklif edib.

"Birxeber.Az" nazirliyə istinadən xəbər verir ki, o, təklifini TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin Qazaxıstanda keçirilmiş III Toplantısında irəli sürüb.

Nazir həmçinin qeyd edib ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara olan tələbat əsasən təşkilata üzv ölkələr hesabına təmin edilməlidir.

Bundan başqa, Azərbaycan rəsmisi bildirib ki, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu əməkdaşlığın genişləndirilməsinə imkan verir. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyən Məcnun Məmmədov ölkəmizin həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinin TDT ölkələri arasında qarşılıqlı ticarət əlaqələrinin inkişafına verə biləcəyi töhfə barədə ətraflı məlumat verib.

Nazir Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Toplantıda işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu qeyd olunub.