İsrail ordusu “Əl-Şifa” klinikasında 3 milyon dollar tapdığını bildirib

İsrail ordusu “Əl-Şifa” klinikasında 3 milyon dollar tapdığını bildirib

İsrail hərbçiləri Qəzza zolağının şimalındakı “Əl-Şifa” xəstəxana kompleksinə reydlər zamanı təxminən 3 milyon dollar nağd pul aşkar ediblər.

"Report"un xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pullar İsrail ordusunun xüsusi təyinatlı əsgərləri tərəfindən tapılıb. "Xəstəxanada aparılan axtarışlar zamanı əsgərlər terrorizmi maliyyələşdirmək üçün nəzərdə tutulmuş 11 milyon şekel (indiki məzənnə ilə təxminən 3 milyon dollar-red) ABŞ dolları və İordaniya dinarı aşkarlayıblar", - mətbuat xidməti bildirib.

Xidmət əlavə edib ki, hərbçilər xəstəxananın yaxınlığındakı nəzarət-buraxılış məntəqəsi vasitəsilə 3,7 min qəzzalının anklavın cənubuna doğru hərəkət etməsinə icazə verib, onlardan 300-dən çoxu terror fəaliyyətində iştirakda şübhəli bilinərək saxlanılıb. Onların arasında “onlarla yüksək rütbəli terrorçu, o cümlədən Fələstin radikallarının silahlı birləşmələrində əsas mövqeləri tutanlar var.

Bundan əlavə, ötən gecə İsrail hərbçiləri yerli əhalinin ehtiyacları üçün bölgəyə humanitar yardım və yanacağın çatdırılmasını koordinasiya edib. Ümumilikdə 1,8 min litrə yaxın su və 3,8 ton ərzaq və yanacaqla dolu yük maşını gətirilib.