Soltan Məmmədov Aİ və Avronest PA-nı Azərbaycanla Ermənistan arasında sülh fürsətini dəstəkləməyə çağırıb - VİDEO

Soltan Məmmədov Aİ və Avronest PA-nı Azərbaycanla Ermənistan arasında sülh fürsətini dəstəkləməyə çağırıb - VİDEO

Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının işçi sessiyaları keçirilib.

Birxeber.Az-nın xəbərinə görə, birinci işçi sessiyada çıxış edən erməni deputatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasının vacib olduğunu qeyd ediblər. Eyni zamanda, Alma-Ata bəyannaməsinin sülh sazişində əsas hüquqi istinad mənbələrindən biri olduğunu, sərhədlərin delimitasiya və demarkasiyasının sülh prosesinin əsas elementlərindən birini təşkil etməli olduğunu bildiriblər.

Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin ofisinin birgə açıqlamasında iki ölkənin münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq etdiyini xatırladıb. Qeyd edib ki, sərhədlərin delimitasiyası sülh müqaviləsi ilə birbaşa bağlı olan məsələ deyil: “Sərhədlərin delimitasiyası sülh müqaviləsinin deyil, delimitasiya ilə məşğul olan komissiyaların işidir ki, bu da müzakirələr və dəqiqləşdirmələr tələb edən prosesdir. Bu baxımdan, Azərbaycan-Ermənistan sülh müqaviləsini delimitasiya prosesi ilə əlaqələndirmək prosesi ləngitməkdən başqa bir məqsədə xidmət etmir”.

Soltan Məmmədov Ermənistanın beynəlxalq məhkəmə instansiyalarına rəsmi şəkildə təqdim etdiyi sənədlərdə Alma-Ata bəyannaməsinin keçmiş sovet inzibati sərhədlərinin yeni yaranmış dövlətlərin sərhədlərinə çevrilməsi ideyasını qəbul etmədiyini və bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Respublikasının ərazisi olduğunu mübahisələndirdiyini xatırladıb. Millət vəkili bildirib ki, Azərbaycan tərəfinin mövqeyi məntiqə və mövcud beynəlxalq praktikaya əsaslanır. “Azərbaycan tərəfi hesab edir ki, delimitasiya prosesi müvafiq komissiyalar arasında bütün zəruri topoqrafik, normativ-hüquqi sənədlərin ekspertlər tərəfindən təhlili əsasında aparılmalıdır. Ermənistanın bu mövqeyi ərazi iddiası kimi qələmə verməsi məntiqsizdir”.

Soltan Məmmədov Avropa İttifaqı və Avronest PA-nın Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsətini dəstəkləməsinin vacib olduğunu vurğulayıb. O, sülh prosesinə mane olan məsələləri gündəmə gətirməyin faydasız olduğunu qeyd edib.