Britaniyalı jurnalist: Qərb Azərbaycana minaların təmizlənməsində az kömək edir

Britaniyalı jurnalist: Qərb Azərbaycana minaların təmizlənməsində az kömək edir

Böyük Britaniyadan olan jurnalist Neil Uotson "nj.com" portalında Azərbaycanın işğaldan azad edilən ərazilərində minatəmizləmə problemi ilə bağlı məqalə dərc edib.

"Birxeber.Az" xəbər verir ki, məqalədə Qarabağda əsas problem olan yerüstü minalar nəzərdən keçirilir.

Jurnalist bildirir ki, Qərb dövlətləri və təşkilatları bu problemin həllində Azərbaycana real olaraq az yardım göstərirlər.

Məqalədə deyilir ki, hazırda Azərbaycanın qarşısında işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən quraşdırılmış təxminən 1,5 milyon yerüstü minanın zərərsizləşdirilməsi kimi böyük vəzifə dayanır.

Minalar yaşayış məntəqələrinin bərpasını və mülki əhalinin 7 min kvadratkilometr ərazidə məskunlaşmasını çətinləşdirir. Sözügedən ərazi Lüksemburqun ərazisindən təxminən üç dəfə çoxdur. 1990-cı illərdə erməni qoşunları tərəfindən Qarabağdakı torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin sayı 650 min nəfərdir. Aydındır ki, Azərbaycan öz ərazisini bərpa etdikdən sonra onlar geri qayıtmağa çalışırlar. Ancaq mina partlayışları yaşayış yerləri hazır olmadan geri dönməyə cəhd edən insanları öldürür və ya yaralayır.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov telefon açıqlamasında qeyd edib ki, bu minaların Ermənistan tərəfindən dağınıq şəkildə və bəzən heç bir hərbi zərurət olmadan, nişanlanmadan və hasarlanmadan qoyulması minaların təmizlənməsini çətinləşdirir, insan itkisi davam edir və günahsız mülki əhali üçün ciddi təhlükə yaranır.

BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən edilən kömək istisna olmaqla, Qərb Azərbaycana heç bir dəstək göstərmir.

Məqalədə qeyd edilir ki, 2020-ci ilin noyabr ayında atəşkəs sazişinin imzalanmasından indiyədək Qərb Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) cəmi 12,5 milyon dollar yardım ayırıb. Halbuki minatəmizləməyə təxmin edilən vəsait 25 milyard dollar dəyərində qiymətləndirilir. Azərbaycan özü 2022-2026-cı illər üçün yenidənqurma işlərinə 11 milyard dollardan çox vəsait ayırıb.

Qarabağda 147 988 hektar hələ də çox çirklənmiş ərazilər kimi təsnif edilir, 675 570 hektar isə orta və aşağı təhlükə sahələri hesab olunur.

Noyabr ayında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.

Azərbaycan minalanmış ərazilərin xəritələri üçün Ermənistana dəfələrlə müraciət etsə də, İrəvan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar edib, sonra isə bunların əsir düşən erməni əsgərlərlə dəyişdirilməsinə razılıq veriblər. Ermənistanın Azərbaycana təqdim etdiyi xəritələr azad olunan ərazilərin 5 %-ni əhatə edir və yalnız 25 %-nin dəqiq olduğu bildirilir. Ermənistan isə öz növbəsində, əlində olan bütün xəritələri verdiyini iddia edir.

Minalardan təmizlənmənin ən böyük maneələrindən birini xərclər təşkil edir. Minaların yerləşdirilməsi nisbətən ucuz, 3-75 ABŞ dollarına başa gəlsə də, Beynəlxalq Qızıl Xaç Komitəsinin hesablamalarına görə, bir minanın zərərsizləşdirilməsi 300-1000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən zəngin ölkə olan Azərbaycan üçün də bu, ciddi problem yaradır.

Jurnalist vurğulayır ki, Qərbin Ukraynadakı müharibə səbəbindən bu ölkəyə əhəmiyyət verdiyini nəzərə alsaq, Azərbaycanın bu sahədə donor çatışmazlığı üzləşəcəyi qaçılmazdır.

Buna baxmayaraq, fevralın 7-də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan hökuməti insanların həyatını xilas etmək və məcburi köçkünlərin evlərinə qayıtmasına kömək məqsədilə minalardan təmizləmə layihəsinə başlayıb.

Avropa İttifaqı “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinə 4,25 milyon avro maliyyə vəsaiti ayırıb. Layihə 20 kəndi əhatə edir və 33 604 ailə bu layihədən birbaşa faydalanacaq.

Layihənin yerli orqanların potensialını gücləndirməsi və yerli və beynəlxalq QHT-lər arasında tərəfdaşlığı təşviq edəcəyi gözlənilir. Layihə çərçivəsində həmçinin ANAMA-nın idarəçilik və mina əleyhinə innovativ həllərin tətbiqi sahəsində potensialını gücləndiriləcək.

BMTİP minaların və partlamamış hərbi sursatların aşkar edilməsi və məhv edilməsi üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək verəcəyini bildirir. Bundan əlavə, BMTİP minaların aşkarlanması və xüsusi avadanlıqların alınması üçün xəritələr hazırlayacaq. Layihə çərçivəsində Azərbaycanda ənənəvi olaraq kişi peşəsi sayılan minatəmizləmə əməliyyatlarına qadınların cəlb olunması planlaşdırılır.

"Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olur, onların evlərinə və kənd təsərrüfatı sahələrinə çıxışına mane olur, beləliklə də, onları yaşayışlarını bərpa etmək imkanlarından məhrum edir", – BMTİP-in Azərbaycan üzrə nümayəndəsi Nuno Queyros Şuşada baş tutan açılış mərasimində deyib. O əlavə edib ki, son 20 ildə BMTİP Azərbaycanda 850 000-dən çox mina və digər partlayıcı silah-sursatın təmizlənməsində ANAMA-ya dəstək verib, 160 500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.

BMTİP, həmçinin Azərbaycanda minatəmizləmə əməliyyatları aparmaq üçün ilk qadın komandalarını yaradıb.

BMTİP-in rezident nümayəndəsi Alessandra Rokkasalvo deyib ki, qadınlar mina qurbanı olduqlarına görə minatəmizləmə sahəsinə də töhfə verə bilərlər.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb.

Azərbaycan hökuməti minalarla daha az çirklənmiş ərazilərə qayıdış çərçivəsində pilot layihələri Füzuli və digər bölgələrdə həyata keçiriir.

Bu gün Azərbaycan təcrübə mübadiləsi əsasında mina hərəkatına qoşulan bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir. Hələ də minalardan təmizlənməyə ehtiyac duyan çoxlu sayda ölkələrlə müqayisədə Azərbaycanın öz sərhədləri daxilində əldə etdiyi təcrübə bölüşdürülməlidir.

"Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Ölkəmiz kiçik olsa da, əhalinin onda biri minalardan əziyyət çəkib. Dünyada regional və etnik münaqişələrdən ziyan görən daha 30 ölkə var. Minalar müharibənin ən məkrli vasitələridir. Bundan milyonlarla insan zərər çəksə də, bu, nədənsə Davamlı İnkişaf Məqsədlərini formalaşdıranların diqqətini cəlb etməyib", - Elçin Əmirbəyov vurğulayıb.

Bu yaxınlarda Ukrayna nümayəndə heyəti minalardan təmizlənmə sahəsində təcrübə toplamaq üçün Azərbaycana səfər edib. Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.