Ombudsman Aparatı və MSK Qubada seçki ilə bağlı görüş keçirib

Ombudsman Aparatı və MSK Qubada seçki ilə bağlı görüş keçirib

Quba şəhərində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda görüş təşkil olunub.

"Report"un Şimal bürosunun məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirlərinin davamı olaraq növbəti görüş Quba rayonunda keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova ilk dəfə olaraq MSK tərəfindən hazırlanan “Ekspert qrupunun üzvləri üçün yaddaş kitabçası”nın əhəmiyyətindən söz açaraq seçkilərə hazırlıq dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə paytaxtla yanaşı regionlarda birgə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. O, Ombudsman təsisatının seçki prosesi zamanı müşahidəçilik təcrübəsi barədə danışıb.

MSK-nın baş məsləhətçisi Şirzad Məmmədli də görülən tədbirlərə toxunaraq, xüsusilə seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Tədbirin sonunda iştirakçılar fikir və təcrübələrini bölüşüblər, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu maarifləndirici tədbir sayca beşincidir, növbəti tədbir Naxçıvanda keçiriləcək.