Bakı metrosunda Novruz şənliyi keçirilib

Bakı metrosunda Novruz şənliyi keçirilib

Bu gün "Bakı Metropoliteni" QSC-nin “İçərişəhər” stansiyasında Novruz şənliyi keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, xüsusi tərtibatlı səhnədə milli xalq tamaşası personajları - Bahar qız, Keçəl və Kosa, eləcə də digər nağıl qəhrəmanlarının iştirakı ilə şən səhnəciklər, şeirlər, zarafatlar, sorğu-suallar, dadlı-duzlu söhbətlər, təkcə kiçikyaşlı sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edib.

Sirk ustalarının nömrələri və uşaqların sifarişi ilə şarlardan hazırlanan fiqurlar stansiyanın vestibülündə bayram ovqatını daha da yüksəldib. Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyev sehrbazlıq proqramı ilə bayram tamaşasına rəngarənglik gətirib.

Sərnişinlər Bahar qızı, Keçəl və Kosanın müşayiəti ilə stansiya yolunda nümayiş etdirilən retro vaqonlarln salonunda gəzərək xatirə şəkilləri çəkdiriblər.

Tədbir boyunca azyaşlı sərnişinlərə Novruz hədiyyələri paylanılıb.

Layihə çərçivəsində “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun veteranı Bəhram Bağırzadə azyaşlı sərnişinlərinə qələmə aldığı kitabları imzası ilə hədiyyə edib.

Novruz qəhrəmanlarının proqramı və Bəhram Bağırzadənin kitab hədiyyələrindən ibarət şou proqram sabah davam etdiriləcək.