87 dəfə kiçildilmiş şəhər - Osmanlı İmperatorluğuna səyahət - İstanbuldan ikinci REPORTAJ

87 dəfə kiçildilmiş şəhər - Osmanlı İmperatorluğuna səyahət - İstanbuldan ikinci REPORTAJ

Birinci yazı ilə buradan tanış ola bilərsiniz!

Avtomobilimiz İstanbulun dar küçələri ilə şütüyür. Şəhərin mərkəzi yolları sanki rəssam əli ilə çəkilmiş peyzaja bənzəyir. Bu şəhərdə günəşin doğuşu da, batışı da ayrı gözəldir. Qədim səhərin siması dəfələrlə dəyişilsə də, burada hələ də tarixin qoxusunu hiss etmək olur.

87 dəfə kiçildilmiş İstanbul - 400 il əvvələ - Osmanlı İmperatorluğuna səyahət

“Miniatürk” qalereyasının təmirdən öncəki sonuncu ziyarətçiləri kimi Bəyoğluna yollanırıq. Dünyanın ən böyük hərəkətli modern sərgilərindən biri olan “Miniatürk”ün hazırlanması üçün 5 il vaxt, 600 min avro vəsait sərf olunub.

Sərgidə istifadə edilən tarixi binaların, küçələrin prototipi 3D printerlə hazırlanıb. 1 aprel 2023-cü ildə açılan sərgini indiyədək 150 min nəfər ziyarət edib. İstanbulu real vəziyyətindən 87 dəfə kiçildən sərgi şəhəri quşbaxışı görmək imkanı yaradır. Həmçinin, burada 10 dəqiqədən-bir gecə və gündüz görüntüsü yaradıldığı üçün şəhərin siluetini günün hər iki vaxtında müşahidə etmək olar.

Sultanahmet Məscidindən Topqapı Sarayına qədər olan ərazini əhatə edən qalereyada 10 min fiqurdan və 50 min led işıqdan istifadə edilib. Sözügedən qalereya 2025-ci ildən sonra sərgilənmək üçün Yaponiyaya göndəriləcək. Daha sonra isə sərginin bütün dünyada təqdim edilməsi planlaşdırılır.

Qalereyanın həyətində 2003-cü ildən fəaliyyət göstərən parkda isə Türkiyədə yerləşən 139-dan çox tarixi və memarlıq abidəsinin 25 dəfə kiçildilmiş modelləri sərgilənir. Məktəblilərin bu sərgilərə xüsusi marağı onlara ölkələrinin tarixini öyrənmək və qısa müddət ərzində İstanbulla yanaşı, bir sıra başqa şəhərlərdəki tarixi abidələr haqqında da məlumat toplamaq üçün imkan yaradır.

Padşahlıq mərasimlərinin keçirildiyi məkan

Osmanlı tarixinin ən önəmli simvolik məkanlarından hesab olunan Eyüp Sultan Məscidinə doğru yola düşürük. Məscid İstanbulun Eyüpsultan rayonunda, Haliç sahilində yerləşir. Kompleksə islam peyğəmbəri Məhəmmədin bayraqdarı və səhabəsi Əbu Əyyub əl-Ənsarinin dəfn olunduğu türbə də daxildir.

Məscid Osmanlı sultanlarının padşahlıq mərasimlərinə də ev sahibliyi edirdi. Məscidin əsas qapısından girişin ön hissəsi qədim məzarlığa açılır. Abidənin imperatorluq tarixindəki önəmini nəzərə alsaq, buradakı qəbir daşlarındakı oymalar, osmanlıca yazılmış yazılar məzarların dövrünün önəmli şəxslərinə aid olduğu hissiyyatı yaradır.

Fransız yazarla türk xanımın eşqinə şahidlik edən təpə - Pierre Loti

Bələdçimiz Ramazan Çeliktürk növbəti dayanacağın Pierre Loti təpəsi olduğunu deyəndə adı fərqli və mənə olduqca maraqlı gələn bu yerin hekayəsi ilə maraqlanmağa başlayıram.

- Ramazan bəy, təpə niyə məhz Pierre Loti adlanır?

- Pierre Loti fransız yazardır.

- Bəs buranın adı niyə məhz bir fransızın adı ilə bağlıdır?

- Pierre Loti İstanbula olan sevgisinə görə bugünkü Pierre Loti təpəsində "Aziyade" kitabını yazıb. Loti dəfələrlə İstanbula gəlib və məhz burada, Eyüpdə yaşayıb. "Aziyade" kitabı da İstanbulda tanış olduğu Aziyadə adlı qadının hekayəsindən bəhs edir. Loti həyatıboyu özünü türk aşiqi kimi təqdim edib. O, hətta 1920-ci ildə İstanbulun fəxri vətəndaşı adını alıb. Onun adını əvvəlcə küçəyə, sonra isə həmişə getdiyi qəhvəxanaya veriblər. Həmin qəhvəxana Pierre Loti təpəsində yerləşdiyi üçün təpənin adı da Pierre Loti olaraq qalıb.

Eyüpsultanın dolanbaclı küçələri ilə Pierre Loti təpəsinə doğru qalxırıq. Ramazan bəy bura fransız turistlərin xüsusi marağından bəhs edir. Avtomobildən enib dar keçidi keçdikdən sonra qarşımızda açılan əsrarəngiz mənzərə, məncə, buradan niyə ağızdolusu danışıldığının əsas səbəbidir. Bura bəlkə də İstanbulun ən gözəl yerlərindəndir, deyə düşünürəm.

Pierre Loti əsasən də yaz və yay aylarında görülməli yerlərdən biridir.

Axşamçağı günəş buludların arxasında gizlənərkən iftar süfrələrinə tələsən insanların sırasına biz də qoşuluruq. Xüsusi təamlarla hazırlanmış süfrə Türkiyənin iftar adət-ənənələrini nümayiş etdirir. Osmanlı mətbəxini özündə əks etdirən məkan iki Mişelin Ulduzuna (Bir Mişelin Ulduzu çox yaxşı inqrediyentlərdən istifadə olunan, yeməklərin yüksək standartlarla bişirildiyi restoranlara, iki Mişlin Ulduzu isə restoranın aşpazının xarakteri və istedadı yeməklərdə əks olunduqda verilir - müəl.) layiq görülüb. Ümumilikdə, dünyaya səs salmış Osmanlı mətbəxinin təamlarını bu cür restoranda dadmaq imkanı məni bir qədər də həyəcanlandırır.

İstər Ramazan ayında, istərsə də digər vaxtlarda türk mətbəxindəki şirniyyatların xüsusi yeri olduğu hər kəsə məlumdur. Lakin xüsusilə sırf iftar süfrələrinin bəzəyi olan bir neçə təamı dadmaq şansım olur. Onlardan bülbül yuvası, cənnət palçığı, güllaç kimi şirniyyatlar görüntüsü və dadı ilə xüsusi seçilir. Yolunuz bir gün Osmanlı mətbəxini təqdim edən restorandan düşərsə, mütləq sadaladığım şirniyyatların dadına baxın!

Beləliklə, budəfəki səfər də İstanbulla bağlı firkirlərimi dəyişmir; bu şəhər haqqında deyilən sözlərin heç biri onu tam əxz eləmir. Çünki İstanbulun özünəməxsus gözəlliyi ilə yanaşı, göz qamaşdıran sehri də var...

Fotolar müəllifindir