Nik Mediç: İqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş ölkələr ön sıralarda olmalıdır

Nik Mediç: İqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş ölkələr ön sıralarda olmalıdır

Sənayeləşmiş ölkələr iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə nümunə göstərməlidirlər.

Bu fikri "Report"a açıqlamasında bərpa olunan enerji üzrə britaniyalı ekspert Nik Mediç deyib.

Onun sözlərinə görə, bu, iqlim dəyişikliyi ilə mübarizənin əsas aspektidir: “İstixana qazı emissiyalarının əksəriyyətinə cavabdeh olan inkişaf etmiş ölkələr enerji keçidi üçün nəinki innovativ həllər təklif etməli, həm də onları həyata keçirməlidirlər”.

Ekspert qeyd edib ki, bu ölkələr hələ də inkişaf etməkdə olan dövlətlərə maliyyə ayırmalıdır ki, onlar öz enerji siyasətini dərhal bərpa olunan enerji mənbələri əsasında qura bilsinlər.

N.Mediç bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv tədbirlər hazırlamaq üçün bir çox yol var. Bunlardan biri kimi o, istehlakçı ehtiyaclarına əsasən elektrik enerjisinin asanlıqla paylanmasına imkan verən virtual elektrik stansiyaları ilə bağlı təşəbbüslər təklif edir.

Ekspertin sözlərinə görə, “yaşıl keçid”i elə qurmaq lazımdır ki, insanlar zərər görməsin: “Yaşıl keçid”dən maksimum fayda əldə etmək üçün tədbirlər görülməlidir. Bu, təkcə karbonsuz enerji demək deyil, həm də yeni iş yerləri və digər sosial-iqtisadi faydalar gətirir”.