Azərbaycanlı deputatlar Avronest PA-nın komitə iclasında müzakirəyə çıxarılan məruzəyə etiraz ediblər

Azərbaycanlı deputatlar Avronest PA-nın komitə iclasında müzakirəyə çıxarılan məruzəyə etiraz ediblər

Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında “Şərq Tərəfdaşlığı regionunda müharibə bölgəsində yaşayan yetkinlik yaşına çatmayanlara sosial dəstək və onların inteqrasiyası” mövzusunda məruzənin yekun variantı müzakirə olunub.

Birxeber.Az-nın xəbərinı görə, Azərbaycan nümayəndə heyətinin üzvləri sənədin mətnindəki bir neçə məsələyə etiraz bildirib.

Nümayəndə Heyətinin üzvü Soltan Məmmədov çıxış edərək vurğulayıb ki, sənədin bəzi müddəalarının məzmunu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir. Azərbaycan nümayəndə heyətinin təklifləri sülh müqaviləsinin imzalanması istiqamətində hər iki ölkənin rəsmi səviyyədə verdiyi bəyanatlara və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə istinad edir: “Xanım Karapetyan həmməruzəçi olduğu Sosial Komitənin hesabat layihəsində Azərbaycan bütün düzəlişlərinin əleyhinə səs verib. Halbuki, həmin təkliflər beynəlxalq hüququn fundamental prinsiplərinə, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı prinsiplərinə istinad edir. Ona görə də bu sənəd tamamilə ədalətsiz və qeyri-obyektivdir. Mən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati rayon yoxdur, Qarabağ iqtisadi rayonu var”.

Məruzədə Azərbaycanın guya Dağlıq Qarabağa hücum etdiyinə dair bəndin tamamilə reallığı təhrif etdiyini bildirən Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qanunsuz hərbi birləşmələrə qarşı tədbirlər həyata keçirib. BMT-nin işğaldan azad edilmiş ərazilərdəki missiyalarının hesabatlarında da dinc sakinlərə qarşı zorakılğın olmadığı öz təsdiqini tapıb. Eyni zamanda Ermənistan Baş naziri də öz çıxışlarının birində bunu etiraf edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün dünyada ən çox mina təhlükəsindən əziyyət çəkən ölkələrdən biridir. Lakin Azərbaycan tərəfinin ərazilərin minalardan təmizlənməsinə dəstək ifadə edən təklifi də sənədə daxil edilməyib. “Biz sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən bu hesabatın əleyhinə səs verəcəyimizi bildiririk. Bu sənədin adı onun məzmunu əks etdirmir”.

Hesabat layihəsini hazırlayan həmməruzəçi Martina Mişelin sənəd layihəsində qlobal əhəmiyyətli məsələləri əks etdirməyə çalışdıqları barədə izahatına cavab olaraq Soltan Məmmədov qeyd edib ki, sənəd layihəsi müharibədən zərər görmüş bütün uşaqların taleyindən narahatlığı ifadə etməlidir. Bu cür mühüm və həssas məsələyə selektiv yanaşma əsasında hazırlanan hesabat obyektiv ola və reallıqları düzgün əks etdirə bilməz.

Nümayəndə Heyətinin üzvü Nurlan Həsənov çıxışında 30 il ərzində Azərbaycanın ərazilərinin işğal altında qaldığını və beynəlxalq hüququn mexanizmlərinin bu işğalın nəticələrini aradan qaldırmaq üçün işləmədiyini qeyd edib. O, Avronest PA-nın üzvlərini işğal dövründə bu ərazilərin hansı dağıntılara məruz qaldığını görmək üçün Azərbaycana dəvət edib. Deputat qeyd edib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparır, ağıllı kəndlər və ağıllı şəhərlər inşa edir. N.Həsənov Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırıdığını diqqətə çatdırıb.

Deputat Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnun olduğunu vurğulayıb: Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmaları məsələsi ərazi iddiası deyil, insan hüquq və azadlıqları məsələsidir və bu problemə tarixi ədalətin bərpası prizmasından qiymət verilməlidir. Ermənistanın qəbul edib-etməməsindən asılı olmayaraq, həmin ərazilərdən zorla qovulan yüzminlərlə azərbaycanlının ləyaqətli və təhlükəsiz geri qayıdışı və mülkiyyət hüquqları var”.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın əleyhinə səs veriblər.