Lüksemburq Ukrayna üçün “artilleriya koalisiyası”na qoşulur

Lüksemburq Ukrayna üçün “artilleriya koalisiyası”na qoşulur

Lüksemburq “Ramştayn” formatında keçirilmiş görüşdən sonra Fransa və Almaniyanın başçılıq etdiyi “artilleriya koalisiyasına” qoşulub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin Müdafiə Nazirliyi teleqramda bildirib.

“Lüksemburq Fransa və Almaniyanın rəhbərlik etdiyi artilleriya koalisiyasına qoşulur”, – məlumatda qeyd olunub.

Həmçinin, quruma görə, Lüksemburq Belçika və Niderland ilə əməkdaşlıq çərçivəsində Ukrayna üçün dronlar alır və çox ehtiyac duyulan avadanlıqları çatdırmaqla Ukraynaya dəstəyini davam etdirir.

Xatırladaq ki, Lüksemburq martın 8-də Ukrayna üçün 800 min artilleriya sursatının alınması ilə bağlı Çexiyanın təşəbbüsünə qoşulacağını açıqlamışdı.

Fevralın 17-də Çexiya Prezidenti Petr Pavel ölkəsinin Ukrayna üçün 800 minə qədər mərmi tapdığını bildirmişdi.

Qeyd edək ki, “Ramştayn” formatı kimi tanınan Ukrayna Müdafiəsi üzrə Təmas Qrupu üzvləri Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsini dəf etmək üçün Ukraynaya hərbi yardım göstərən beynəlxalq koalisiyadır. Qrupun işində 50-dən çox ölkə – NATO blokunun bütün ölkələri, Aİ-nin əksər dövlətləri, habelə Afrika və Asiyadan olan müttəfiqlər iştirak edir. Təmas qrupu və onun aylıq görüşləri qeyri-rəsmi “Ramştayn” adını 2022-ci ilin aprelin 26-da Ukraynaya hərbi yardıma həsr olunmuş ilk iclasın keçirildiyi Almaniyadakı eyniadlı aviabazadan alıb.

“Ramştayn” formatı çərçivəsində müxtəlif ölkələrin müdafiə nazirliklərinin yüksəkrütbəli nümayəndələri Rusiyanın Ukraynaya təcavüzünün gedişatını müzakirə edir, Ukraynanın hərbi imkanlarını təhlil edir, hərbi yardımı koordinasiya edir, müharibə zamanı Ukraynanın müdafiəsi və onun gələcək təhlükəsizliyinin təmin edilməsi planlarını hazırlayır. Təmas qrupunun görüşləri aparıcı Qərb dövlətləri tərəfindən Ukraynaya müasir silahların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında böyük rol oynayıb.