Azərbaycan və Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan və Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Enaam Mayara ilə görüşüb.

“Birxeber.Az” səfirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ötən ilin dekabrında Mərakeşə səfərinin əhəmiyyəti qeyd edilib və iki ölkə arasında mövcud olan dostluq münasibətləri xüsusilə vurğulanıb.

Səfir Mərakeş parlamenti palatasının sədrinə Azərbaycan tərəfinin ölkəyə səfər və mayda Azərbaycanda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək dəvətini çatdırıb. Görüşdə bu səfərin ölkələr arasında parlament əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı Şuralar Palatasında Mərakeş-Azərbaycan dostluq qrupunun yaradılması, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq kimi məsələlər də müzakirə olunub. Bundan əlavə, E.Mayaranın həm də Mərakeş Həmkarlar İttifaqının prezidenti olduğunu nəzərə alaraq, iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin qurulması və mümkün əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb.