Dövlət Xidməti: Göygöldə kurqanların dağıdıldığı iddia edilən əraziyə baxış keçiriləcək

Dövlət Xidməti: Göygöldə kurqanların dağıdıldığı iddia edilən əraziyə baxış keçiriləcək

Göygöl rayonu Quşqara bələdiyyəsinin ərazisində, Gəncə-Şəmkir yolunun sağında, Quru qobunun sol tərəfində yerləşən kurqan tipli qəbirlərin olduğu torpaqların satışa çıxarılması və aparılan tikinti işləri nəticəsində kurqanların dağıdılması ilə bağlı iddialara münasibət bildirilib.

Məsələ ilə əlaqədar Arxeologiya və Antropologiya İnstitutundan Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında Arxeologiya və Antropologiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılmır:

“Bu ərazidə qeydə alınan kurqanların mühafizəsi isə Mədəniyyət Nazirliyinin müvafiq qurumlarının səlahiyyət çərçivəsinə daxildir. Tikinti işləri zamanı həmin ərazidə abidənin olub-olmaması ilə əlaqəli müvafiq rəy Mədəniyyət Nazirliyinin tərəfindən verilir”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan hər hansı abidə mövcud deyil.

“Səslənən fikirlərlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçiriləcəkdir. Arxeoloji əlamət daşıyan hər hansı obyekt müəyyən edilərsə lazımi tədbirlər görüləcəkdir”.

Qeyd edək ki, Milli Məclisin 16 mart tarixində keçirilən iclasında, Nazirlər Kabinetinin Hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev sözügedən məsələ ilə əlaqədar Baş nazirə müraciət edib.

O müraciətində bildirib ki, Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında yerləşən Tunc dövrünə aid kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur.

Deputat ərazinin xüsusi qoruq ərazisinə çevrilməsi və ya Heydər Əliyev Park kompleksinin ərazisinə birləşdirilməsini təmin edilməsini təklif edib.