Dövlət-özəl tərəfdaşlığı Qaydaları təsdiqlənib, İşçi qrup yaradılacaq

Dövlət-özəl tərəfdaşlığı Qaydaları təsdiqlənib, İşçi qrup yaradılacaq

Dövlət-özəl tərəfdaşlığı Qaydaları təsdiqlənib.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Dövlət-özəl tərəfdaşlığı layihələri aşağıdakı üsullarla müəyyən edilir:

- dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının hazırlanması;

- özəl təşəbbüs qaydasında layihələrin təklif və qəbul edilməsi.

Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrini qüvvədə olan strateji sənədlər (dövlət proqramları, strategiyaları, konsepsiyaları və milli fəaliyyət planları) əsasında onların əhəmiyyəti, iqtisadi səmərəliliyi və icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin dövlət tərəfdaşı və özəl tərəfdaş arasında bölgüsü meyarlarına əsasən müəyyənləşdirir. Siyahıya bu Qaydalar nəzərə alınmaqla, ilkin texniki-iqtisadi əsaslandırması olan və həmin texniki-iqtisadi əsaslandırmanın nəticələrinə əsasən dövlət-özəl tərəfdaşlığı qaydasında icrası mümkün olan layihələr daxil edilir.

Siyahı hazırlanarkən aşağıdakı layihələr nəzərə alınır:

- strateji sənədlər çərçivəsində maliyyələşdirmə mənbəyi müəyyən edilməmiş layihələr;

- strateji sənədlər çərçivəsində maliyyələşdirmə mənbəyi müəyyən edilmiş, lakin maliyyələşdirilməsi başlanılmamış layihələr;

- maliyyələşdirilməsi başlanılsa da bir ildən artıq müddətdə dayandırılmış layihələr.

Kreditlər, maliyyə yardımı və qrantlar hesabına artıq maliyyələşdirilməsi başlanılmış və ya maliyyələşdirmə mənbəyinin konkret kredit, maliyyə yardımı və ya qrant olacağı müəyyənləşdirilmiş layihələr müvafiq kreditlər, maliyyə yardımı və ya qrantlar ayıran təşkilatlarla razılıq əsasında dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil edilir.

Səlahiyyətli orqan hər il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının təsdiq edilməsi, o cümlədən siyahıya yeni layihələrin daxil edilməsi, siyahıda olan layihələrin siyahıdan çıxarıl ması, siyahıda olan layihələrdə dəyişiklik edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir. Növbəti təqvim ili üçün nəzərdə tutulmuş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı cari təqvim ilinin 30 iyun tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Siyahıya yeni layihələrin daxil edilməsi, siyahıda olan layihələrin siyahıdan çıxarılması, habelə siyahıda dəyişiklik edilməsi zərurəti yarandıqda səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.

Təsdiq edilmiş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında göstərilən bütün layihələrin icrasına başlanarsa, səlahiyyətli orqan bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihələrinin yeni siyahısını təqdim etməlidir.

Təsdiq edilmiş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında göstərilən layihələr aşağıdakı əsaslarla siyahıdan çıxarılır:

- dövlət-özəl tərəfdaşlığı layihələrinə dair məlumat səlahiyyətli orqan tərəfindən açıqlandıqdan sonra dövlət-özəl tərəfdaşlığı layihəsində özəl tərəfdaş qismində iştirak etmək niyyəti 60 (altmış) gün ərzində bildirilmədikdə;

dövlət-özəl tərəfdaşlığına dair müsabiqə baş tutmadıqda və ya birbaşa danışıqlar nəticəsiz başa çatdıqda.

Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı və (və ya) siyahıda edilən müvafiq dəyişikliklər təsdiq edildikdən sonra səlahiyyətli orqan siyahını və (və ya) müvafiq dəyişiklikləri rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirməli, həmçinin mediada dərc etdirməlidir. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı nüfuzlu xarici və beynəlxalq mediada da dərc edilə bilər.

Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsində dövlət tərəfdaşı qismində çıxış edən dövlət orqanını (qurumunu), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsini:

- dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil olan layihələr üzrə - dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı hazırlandıqda;

- özəl təşəbbüs qaydasında irəli sürülən layihələr üzrə - özəl təşəbbüs təqdim edildikdə və ya layihə müsabiqəyə hazırlandıqda (tələb olunduqda) müəyyən etməlidir.

Səlahiyyətli orqan dövlət tərəfdaşını müvafiq layihənin həyata keçirilməsinin hansı dövlət orqanının (qurumunun), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətinə aid olması əsasında müəyyən etməlidir. Layihə bir neçə dövlət orqanının (qurumunun), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətlərinə aid olduğu təqdirdə, səlahiyyətli orqan dövlət tərəfdaşını həmin dövlət orqanları (qurumları), habelə bələdiyyə və bələdiyyə müəssisələri ilə müzakirələr əsasında müəyyən edir və ya Qanunun 8.2-ci maddəsinə əsasən layihənin müvafiq dövlət orqanları (qurumları), habelə bələdiyyə və ya bələdiyyə müəssisələri tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir.

Səlahiyyətli orqan tərəfindən dövlət tərəfdaşı kimi müəyyən edilmiş dövlət orqanı (qurumu) dövlət tərəfdaşı qismində müəyyən edilməsi ilə razı olmadıqda, son qərar səlahiyyətli orqanın müraciəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Səlahiyyətli orqan tərəfindən dövlət tərəfdaşı kimi müəyyən edilmiş bələdiyyə və ya bələdiyyə müəssisəsi dövlət tərəfdaşı qismində müəyyən edilməsi ilə razı olmadıqda, səlahiyyətli orqan digər dövlət tərəfdaşını müəyyən edir və ya layihənin dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısından çıxarılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir, özəl təşəbbüs qaydasında həyata keçirilməsi təklif olunan layihələrə münasibətdə isə özəl təşəbbüsün növbəti mərhələyə qəbul edilməməsi barədə qərar qəbul edir.

Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqə və ya birbaşa danışıqlar əsasında həyata keçirilməsi barədə qərarı verərkən layihənin müsabiqəyə və ya birbaşa danışıqlara hazırlanması üçün işçi qrupun təşkil edilməsi məsələsini həll etməli və işçi qrupun işinə cəlb ediləcək dövlət orqanlarını (qurumlarını), bələdiyyə və bələdiyyə müəssisələrini müəyyən etməlidir. İşçi qrup layihənin xüsusiyyətlərindən asılı olaraq dövlət tərəfdaşının birbaşa əməkdaşlıq etməli olduğu digər qurumların nümayəndələri də daxil olmaqla, İqtisa-diyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələrindən təşkil edilir. Səlahiyyətli orqan işçi qrupun təşkil edilməsi barədə qərarın surətini 2 (iki) gün müddətində sifarişli poçt göndərişi, yaxud elektron üsulla dövlət orqanlarına (qurumlarına), bələdiyyə və bələdiyyə müəssisələrinə göndərir. Dövlət orqanları (qurumları), bələdiyyə və bələdiyyə müəssisələri 15 (on beş) gün müddətində işçi qrupa məsul vəzifəli şəxs təyin etməli və bu barədə səlahiyyətli orqana məlumat verməlidirlər.

İşçi qrupun işi səlahiyyətli orqan tərəfindən təyin edilən işçi qrupun sədri tərəfindən təşkil edilir və sədr işçi qrupun fəaliyyətinə rəhbərlik edir. İşçi qrupun sədri qismində səlahiyyətli orqanın məsul vəzifəli şəxsi təyin edilir. İşçi qrupun sədri digər üzvlərin təklifləri əsasında və ya öz təşəbbüsü ilə işçi qrupa yeni üzvlərin daxil edilməsini təklif edə bilər. İşçi qrupun sədri işçi qrupun katibliyini yaradır. İşçi qrupun hər bir üzvü müvafiq dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə işçi qrupun səlahiyyətlərinə aid edilən hər bir məsələ üzrə həmin üzvü təyin edən dövlət orqanının (qurumunun), bələdiyyə və bələdiyyə müəssisəsinin rəsmi mövqeyini təmsil edir. Səlahiyyətli orqan müvafiq dövlət-özəl tərəfdaşlığı layihəsinə aid olan bütün sənəd və məlumatları işçi qrupa təqdim etməlidir. İşçi qrupun işi iclasların keçirilməsi və ya yazılı sorğuların göndərilməsi vasitəsilə təşkil olunur. İşçi qrupun iclasına azı 15 (on beş) gün qalmış işçi qrupun bütün üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı barədə bildiriş göndərilməlidir. Bildirişdə iclasın gündəliyi və gündəliyə daxil olan məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi üçün sənəd və məlumatlar əlavə edilməlidir. İşçi qrupun üzvləri iclasda əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada iştirak edə bilərlər.

İşçi qrupun səlahiyyətlərinə aşağıdakı məsələlər aiddir:

- müsabiqənin şərtlər toplusunun dəyərləndirilməsi və təsdiq edilməsi;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texniki- iqtisadi əsaslandırmasının tamamlanması üzrə işlərin aparılması və dəyərləndirilməsi, o cümlədən texniki-iqtisadi əsaslandırmanın muza- kirə edilməsi, ona dair texniki-iqtisadi əsaslandırmanı hazırlayan dövlət tərəfdaşına və ekspertlərə sualların verilməsi, izahatların tələb edilməsi, texniki-iqtisadi əsaslandırmada təhlil edilən məsələlərin, müəyyən edilən risklərin, müsbət və mənfi cəhətlərin dəqiqləşdirilməsi və texniki-iqtisadi əsaslandırmada müvafiq dəyişikliklərin edilməsinin, onun yenidən hazırlanmasının tələb edilməsi, o cümlədən texniki-iqtisadi əsaslandırmaya dair yekun rəyin bildirilməsi;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üzrə müqavilələrin layihəsinin və ya müqavilələrin əsas şərtlərinin təhlil və təsdiq edilməsi;

- layihənin xüsusiyyətlərindən asılı olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilən digər səlahiyyətlər.