"Neftçi" "Spartak"la oyundan əvvəl azarkeşlərə müraciət edib

"Neftçi" "Spartak"la oyundan əvvəl azarkeşlərə müraciət edib

"Neftçi" Bakıda Rusiyanın "Spartak" komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, qonaq komandanın fanatları üçün "Neftçi Arena"da xüsusi sektor olacaq.

"Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq", - deyə Bakı klubu bildirib.

Qeyd edək ki, martın 23-də reallaşacaq "Neftçi" - "Spartak" görüşü saat 18:00-da başlayacaq.