Teodor Deçev: "Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyinin təməllərindən birinə çevrilib"

Teodor Deçev: "Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyinin təməllərindən birinə çevrilib"

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər son dərəcə güclü və möhkəm təmələ malikdir.

Bu barədə "Report"a açıqlamasında sosiologiya elmləri doktoru, Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin müəllimi Teodor Deçev bildirib.

Onun fikrincə, Azərbaycan Bolqarıstan üçün çox mühüm enerji tərəfdaşıdır, Bolqarıstanın özü isə Bakının Cənub-Şərqi və Mərkəzi Avropada enerji təsirini genişləndirmək üçün böyük əhəmiyyət kəsb edir: "Perspektivlər yalnız müsbətdir. Bolqarıstan “Şaquli Qaz Dəhlizi” və “Həmrəylik Halqası” layihələrində Azərbaycanın tərəfdaşı olacaq. Bu, Azərbaycan təbii qazının boru kəməri ilə Rumıniya, Macarıstan və Slovakiyaya böyük həcmdə nəqli üçün imkanlar yaradacaq".

T.Deçev qeyd edib ki, Bolqarıstanla Azərbaycan arasında münasibətlər daha da sürətlənəcək, xüsusən də Bakının Avropa enerji bazarına daxil olması buna daha çox töhfə verəcək.

Onun sözlərinə görə, gələcəkdə Bolqarıstanın Azərbaycanın təbii qazına ehtiyacı arta bilər: “Avropa İttifaqı təbii qazı keçid yanacağı hesab edir və bu, ən azı 2030-cu ilə qədər aktual olacaq. Bolqarıstanda bəzi kömürlə işləyən istilik elektrik stansiyaları təbii qaza keçəcək ki, bu da Bolqarıstanın Azərbaycan qazına ehtiyacını iki dəfə artıra bilər”.

Rusiya və Ukrayna arasındakı münaqişə, eləcə də Moskvanın Bolqarıstana təbii qaz nəqlini dayandırması fonunda T.Deçev Azərbaycanı regionda mühüm enerji oyunçusu adlandırır: “Azərbaycan Bolqarıstanın birinci dərəcəli təbii qaz təchizatçısı və dövlətimizin enerji təhlükəsizliyinin sütunlarından birinə çevrilib”.