Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub

Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bu gün Azərbaycan İqtisadiyyat Nazirliynin təşəbbüsü, Nazirliyin Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirilməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.

Türkiyə Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi görüşdə Muxtar Respublikada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyəyə sərhəd ticarəti çərçivəsində ixracı imkanları müzakirə olunub.

Görüşdə Türkiyə Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər.

Çıxış edənlər bundan sonra da sərhədyanı ticarətlə bağlı müzakirələrin davam ediləcəyini və istehsal olunan məhsulların qardaş ölkədə tanıdılması məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Türkiyə Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin nümayəndəsi sərhədyanı ticarətlə bağlı geniş təqdimatla çıxış edib və çoxsaylı sualları cavablandırıb.