Azərbaycanın stolüstü tennis millisinin məşqçisi: Əldə etdiyimiz nəticələr bizi çox sevindirir

Azərbaycanın stolüstü tennis millisinin məşqçisi: Əldə etdiyimiz nəticələr bizi çox sevindirir

Əldə etdiyimiz nəticələr bizi çox sevindirir. Hər bir idmançımızdan razıyıq.

Bunu "Report"a açıqlamasında stolüstü tennis üzrə Azərbaycan millisinin məşqçisi Elnur Hidayətzadə Türkiyədə baş tutan “Avropa Gənclər Seriyası 2024” yarışında qeydə alınan nəticələri dəyərləndirərkən deyib.

Mütəxəssis stolüstü tennisçilərimizin çıxışından razı olduğunu bildirib: "İdmançılarımız bu yarışda çox uğurlu çıxış etdilər. Komanda həm qoşa, həm də fərdi yarışlarda baxımlı oyun göstərərək, müsbət nəticələr qazandı. 1 qızıl, 2 gümüş, 7 bürünc olmaqla ümumilikdə 10 medalla Vətənə döndük".

E.Hidayətzadə növbəti yarışlar və planlar barədə də danışıb: "Qarşıda bizi mayın 2-də keçiriləcək Avropa birinciliyi gözləyir. Orada da yüksək nəticələr əldə etməyə çalışacağıq. Planımızda daha 3 yarışda iştirak var. Bu yarışlar Fransa, Belçika və Lüksemburqda keçiriləcək. Ardınca Çinə təlim-məşq toplanışına yollanacağıq. Sonra Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına qatılacağıq. Təmsilçilərimizin yaxşı nəticə göstərib ölkəmizə medallarla qayıdacağına ümid edirik".