Gəncədə Novruz bayramı münasibətilə el şənliyi keçirilib

Gəncədə Novruz bayramı münasibətilə el şənliyi keçirilib

Martın 18-də Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, F.Əmirova Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Kukla Teatrının və Gəncə Dövlət Dram Teatrının dəstəyi ilə şəhərin Heydər Əliyev adına meydanında Novruz Bayramı münasibətilə ümumşəhər tədbiri baş tutub.

Birxeber.Az-nın yerli bürosu xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynov, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarını elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıb, daha sonra müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını bildirblər.

Tədbirin davamında Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə" nağaraçalanlar ansamblının, Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin aşıq sinfinin şagirdlərinin, Göygöl rayon Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin çıxışları izlənilib. Daha sonra Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, taekvando, bədii gimnastika və digər idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub.
Meydanda qurulan “Xəmsə çadırları”nda sərgilənən milli geyimlərimiz, "Gəncə səbəti", qədimi qab-qacaq, həmçinin kitab satış-sərgisi və “faceart” şəhər sakinlərinin marağına səbəb olub.

Daha sonra “Gəncəsənət” – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisinə, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri tələbələrinin, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin, Gəncə şəhər Gənclər Evi SXM-nin dərnək üzvlərinin hazırladığı təsviri incəsənət əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklalarının, Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib.
El şənliyi zamanı qonaqlar Gəncə Uşaq Evinin sakinləri ilə yumurta döyüşdürüblər.

Daha sonra bayram tonqalının alovlandırılması üçün meydana atlılar daxil olublar. Novruz tonqalını 2023-cü ilin "Ən yaxşı çapar"ı adına layiq görülmüş Xəlil Allahverdiyev alovlandırıb.

Novruz Bayramına həsr olunan ümumşəhər tədbiri Gəncə Dövlət Filarmoniyasının “Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı”nın təqdimatında konsrert proqramı ilə başa çatıb.