Andrey Boiç: İqlim siyasəti iqtisadi məsələlərlə uyğunlaşdırılmalıdır

Andrey Boiç: İqlim siyasəti iqtisadi məsələlərlə uyğunlaşdırılmalıdır

Rio-de-Janeyroda keçirilmiş tarixi Yer Sammitindən 30 ildən çox vaxt keçib, bu müddət ərzində iqlim dəyişikliyi ilə bağlı danışıqlar enişli-yoxuşlu olub.

Bu barədə “Birxeber.Az”a açıqlamasında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) bildirib.

Onun sözlərinə görə, bu sammitlərdə irəliləyişdən daha çox durğunluqdan danışılıb: "Buna görə də kənardan elə hiss yarana bilər ki, həmin tədbirlərdə danışıqlar “bir addım irəli, iki addım geri” olub. Tərəflər Konfransının hər biri əhəmiyyətli olsa da, bəziləri əldə edilən nəticələr baxımından daha böyük dəyərə malikdir”.

A.Boiç deyib ki, BƏƏ-də keçirilən COP28-də İtki və Zərər Fondunun yaradılması və qlobal maliyyə ilə bağlı qərar verilməklə bu istiqamətdə yaxşı addım atılıb: “Digər tərəfdən, əminəm ki, karbon bazarlarının yaradılması sahəsində daha səmərəli beynəlxalq tənzimləmə yolu ilə əlavə təkan və lazımi vəsait əldə ediləcək, bu da ticarət üçün unikal çərçivələr və tədbirlər yaradacaq. Bu, lazımi addımların atılması üçün maliyyə vəsaitlərinin ədalətli şəkildə toplanılmasına imkan verəcək. İndi danışıqlar elə bir mərhələdədir ki, qarşıya qoyulan məqsədlərə nail olmaq, əvvəllər qəbul edilmiş bütün təşəbbüsləri həyata keçirmək, həmçinin İtki və Zərər Fondunun maliyyələşdirilməsini təmin etmək lazımdır".

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyi problemini sadəcə "qalıq yanacaqlardan imtina etməliyik" deməklə həll etmək faydasızdır: “Onların ətraf mühitə mənfi təsirinə heç kim etiraz etmir. Bu gün elm və texnologiya təbii qaz, hidrogen və s. kimi daha təmiz qalıq yanacaqlardan istifadə etməklə ətraf mühitin çirklənməsini azalda bilər. Biz bu istiqamətdə irəliləməyə davam etməliyik. Ona görə də belə düşünürəm ki, razılaşdırılmış iqlim məqsədlərinə nail olmaq üçün iqtisadi məsələləri dövlət siyasəti ilə əlaqələndirəcək danışıqlar daha geniş perspektivdə aparılmalıdır”.