Fərid Cəlalov: Hədəfimiz millinin reytinqini qaldırmaqdır

Fərid Cəlalov: Hədəfimiz millinin reytinqini qaldırmaqdır

Hədəfimiz milli komandanın reytinqini qaldırmaqdır.

Bunu "Report"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov Qızıl Avropa Liqasında iştirak haqqında danışarkən deyib.

Mütəxəssis millinin turnirdəki şanslarını dəyərləndirib: "Rəqiblərimizin hər biri yüksək oyunçu bazasına malik komandalardır. Amma bu amil bizim onlarla oyunlarda zəif nəticələr göstərəcəyimiz və aşağı səviyyədə çıxış edəcəyimiz anlamına gəlmir. Heyətin gəncləşdirilməsinə baxmayaraq, ölkəmizin idman şərəfini layiqincə qorumağa çalışacağıq".

F.Cəlalov turnirə hazırlıq barədə də danışıb: "Hazırlıq mərhələsi ilk olaraq Dərnəgül Voleybol Mərkəzində keçiriləcək. Çempionat başa çatdıqdan sonra toplanışa başlayacağıq. Çünki hansısa bir rayona və ya xarici ölkəyə təlim-məşq toplanışına getməyə vaxtımız yoxdur. Mayın 17-də və 19-da Bakıda müvafiq olaraq Rumıniya və Ukrayna milliləri ilə görüşəcəyik. Qızıl Avropa Liqası və Avropa çempionatının təsnifat mərhələsində keçirəcəyimiz hər bir oyunda Azərbaycanın adını, şərəfini qoruyacağıq".

Qeyd edək ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında Rumıniya, Ukrayna, Şimali Makedoniya, Belçika, Lüksemburq və Estoniya yığmaları ilə qarşılaşacaq. Oyunlar 17 may - 2 iyun aralığında keçiriləcək.