Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminə 19 il həbs cəzası verilib - FOTO - VİDEO

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminə 19 il həbs cəzası verilib - FOTO - VİDEO

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli şagirdi olduğunu deyib: “Məsələnin bu qədər böyüməsinə səbəb sosial şəbəklər oldu”.

Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.

Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona CM-nin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.