Emin Məmmədov: "Azərbaycan ABŞ və Avropa İttifaqı ölkələrinə xalça ixrac etməyə başlayıb"

Emin Məmmədov: "Azərbaycan ABŞ və Avropa İttifaqı ölkələrinə xalça ixrac etməyə başlayıb"

Ötən il “Azərxalça” ASC tərəfindən 2 725 kvadrat metr xalça istehsal olunub, bunun 22,5 %-i ixrac edilib.

Bunu “Report”a qurumun İdarə Heyətinin sədri Emin Məmmədov deyib.

Onun sözlərinə görə, ötən il xalça ixracı 2022-ci illə müqayisədə 29 % artaraq 612 kvadrat metr təşkil edib: "Hazırda Azərbaycan xalçalarının ABŞ və Avropa İttifaqı ölkələrinə ixracına başlanılıb. Xalçalarımız əsasən ABŞ, Almaniya, İspaniya, İsveçrə, Latviya kimi ölkələrə tədarük edilir".

E.Məmmədov Azərbaycan xalçalarının xarici platformalarda satışını da qeyd edib: “Shopify”da xalçalarımızın satışı uğurludur. “Amazon”da isə şərtlərin mürəkkəb olduğu üçün hələ ki, satışa başlanmayıb. Bu platformada satışdan əvvəl böyük miqdarda ödənişlər istəyirlər. “Shopify”da satışların artımından sonra “Amazon”a da keçəcəyik”.

O vurğulayıb ki, xalça brend məhsuldur: “Məhsul şirkətin sosial şəbəkələri vasitəsilə daha çox satılır”.

Onun sözlərinə görə, hazırda Azərbaycanın ipək xalçalarına tələbat olduğuna görə, bu xalçalar uğurla satılır: "Ötən ildən ənənəvi xalçalar əsasında ipək xalçaları toxumağa başlamışıq".

E.Məmmədov “Azərxalça” ASC-nin 2016-2021-ci illərdəki çətinliklərdən sonra yavaş-yavaş mənfəətə çıxdığını bildirib: "Azərxalça” xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan, “Architectural digest” jurnalına əsasən dünyanın ən yaxşı 100 dizayneri siyahısına daxil olan alman dizayneri Yan Katla sıx əməkdaşlıq edir. Dizaynerin ənənəvi Azərbaycan xalçaları əsasında hazırladığı, “Azərxalça”nın emalatxanalarında toxunan müasir “Azer Pulse” xalça kolleksiyası hazırda dünyanın müxtəlif nöqtələrində Yan Kath xalça "showroom"larında satılır".

O deyib ki, ötən il “Azərxalça” nın Avropa Şurasının baş qərargahında, Fransanın Strasburq şəhərində, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində, Vaşinqtonda, Serbiyadakı Azərbaycan səfirliyində “Azərbaycan Mədəniyyəti günlərində”, Vindzor Kral Atçılıq şousunda, Latviyanın tanınmış Liepaya şəhər muzeyində açılan sərgidə, Nyu-Yorkda “Türk evi”ndə, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində, Brüsseldə fəaliyyət göstərən Frison Horta Fondunda, İspaniyanın Kral Xalça Fabrikinin sərgi salonunda əsl əl işi olan Azərbaycan xalçalarının sərgiləri təşkil olunub.

"Bu ilin mayın 15-də Riqada Milli Muzeydə Azərbaycan xalçalarının sərgisi təşkili də planlaşdırılır. Orda biz həm ənənəvi, həm də müasir xalçalarımızı təqdim edəcəyik", - E.Məmmədov əlavə edib.