Murovdağ tuneli üzrə işlərin 65 %-i yerinə yetirilib

Murovdağ tuneli üzrə işlərin 65 %-i yerinə yetirilib

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası 2025-2026-cı ildə başa çatdırılacaq.

Bu barədə “Birxeber.Az”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işlərini həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen deyib.

Onun sözlərinə görə, tunel üzrə işlərin 65 %-i yerinə yetirilib.

Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub.

Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir.

Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 900 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.

Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 % arası dəyişir.

Əgər yol 7 % mailliklə tikilsə, mövcud 16,5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,7 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.