Abad məhəllələrdəki Novruz şənlikləri davam edir

Abad məhəllələrdəki Novruz şənlikləri davam edir

Novruz Bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakı şəhərində də geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib.

"Birxeber.Az" xəbər verir ki, ənənəvi bayram tədbirləri bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu və Suraxanı rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda Novruz atributları, milli mətbəx və geyimlərimizin nümunələri nümayiş etdirilib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyət yaradılaraq sakinlərin istifadəsinə verilib. Bu həyətlərdə sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.