Əhmədbəyli-Ağbənd avtomobil yolunun Zəngilan aeroportuna qədər olan hissəsi bu il başa çatdırılacaq

Əhmədbəyli-Ağbənd avtomobil yolunun Zəngilan aeroportuna qədər olan hissəsi bu il başa çatdırılacaq

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanına qədər olan hissəsi tamamlanmaq üzrədir.

Bunu “Report”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

"Böyük ehtimalla yol bu ilin sonuna qədər hazır olacaq. Hazırda yol üzərindəki 3 tuneldə betonlaşdırma işləri aparılır", - deyə o qeyd edib.

Strateji əhəmiyyətə malik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yolun uzunluğu 124 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsinin 3 gediş - 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.