Azərbaycan millisinin baş məşqçisi: Fransada nəticə vacib deyil, önəmli olan Honkonqdakı turnirdir

Azərbaycan millisinin baş məşqçisi: Fransada nəticə vacib deyil, önəmli olan Honkonqdakı turnirdir

"Bu turnirdəki nəticə o qədər də vacib olmayacaq, oyunumuzu daha da yaxşılaşdırsaq, məmnun qalaram".

Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç martın 23-24-də Fransanın Tuluza şəhərində keçiriləcək hazırlıq turniri ilə bağlı danışarkən deyib.

Mütəxəssis buradakı matçlardan yaxşı istifadə etməli olduqlarını bildirib: "Bizim yeganə məqsədimiz Honkonqda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat turnirində uğurlu çıxış etməkdir. Lakin addım-addım getməliyik. Əvvəlki bütün yarışlardan istifadə etməliyik ki, orada ən yaxşı mübarizəni göstərə bilək".

R.Deliç yığmanın Serbiyada gerçəkləşmiş təlim-məşq toplanışının ilkin mərhələsi haqqında da danışıb: "Hazırlıq prosesindən razı qaldım. Tiffani Hayesin 5x5-də öhdəliyi olduğu üçün bizimlə deyildi. Onun tezliklə komandaya qoşulmasını gözləyirik. Qarşıda bizi vacib yarışlar gözləyir".

Qeyd edək ki, Honkonqdakı təsnifat turniri aprelin 12-14-də baş tutacaq. Azərbaycan millisi Niderland, Monqolustan və Çili yığmaları ilə üz-üzə gələcək.