Almaniyada Azərbaycan dilinin beynəlxalq təbliğinə həsr olunmuş tədbir keçirilib

Almaniyada Azərbaycan dilinin beynəlxalq təbliğinə həsr olunmuş tədbir keçirilib

Almaniyanın Euskirçen şəhərində “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib.

Bu barədə "Birxeber.Az"a Azərbaycanın Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Monitorinq Mərkəzi və diaspor nümayəndələrinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğinə həsr olunmuş görüşün təşkilindən məmnunluğunu ifadə edib. Almaniya Federativ Respublikasında minlərlə azərbaycanlının yaşadığını qeyd edən S.Əliyeva həftəsonu məktəblərinin azərbaycanlı ailələrdə ana dilimizin qorunmasında və böyüyən gənc nəslə dil sevgisinin aşılanmasında xüsusi rolu olacağını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Münster şəhərində fəaliyyət göstərəcək həftəsonu məktəbi haqqında məlumat verən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Monitorinq Mərkəzi ilə sıx əlaqələrin qurulması və sonrakı mərhələdə onlayn dərslərin təşkili ilə bağlı fikirlərini bölüşüb.

Tədbir iştirakçıları Almaniyada yaradılacaq həftəsonu məktəbinin fəaliyyətinə uğurlar arzulayıb və bu işə hər cür dəstək olacaqlarını bildiriblər.