Qərbi Azərbaycan Xronikası: Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı

Qərbi Azərbaycan Xronikası: Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Birxeber.Az" xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi deputat Kamran Bayramov olub.

O, ata-baba yurdundan - Gərnibasar mahalının Qəmərli kəndindən söhbət açıb. Bildirib ki, gözəl təbiəti olan bu mahaldakı 52 kənddə XIX əsrin əvvəllərinə qədər cəmi 150 erməni yaşayıb. Lakin 1820-1830-cu illərdə mahalın yaşayış məntəqələrinə 5 400-ə yaxın erməni köçürülüb.

Qeyd edib ki, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə köçürülməsindən bir müddət sonra narazılıqlar yaranıb, zaman-zaman soydaşlarımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib.

Deputat bildirib ki, XX əsr Azərbaycan xalqı üçün ədalətsizliklər dövrü kimi yadda qalacaq. Çünki bu əsrdə baş verən etnik təmizləmələr nəticəsində azərbaycanlılar dəfələrlə fiziki-mənəvi işgəncələrlə, bəşəri faciələrlə, ölümlə üz-üzə qalıblar, dədə-baba yurdlarından didərgin salınıblar. Uzun illər Vətəndən ayrı yaşayan soydaşlarımız əcdadlarının məzarlarına da həsrət qalıblar. Bu müddətdə Qərbi Azərbaycanda məskunlaşdırılan ermənilər isə tarixi irsimizi silməyə, maddi-mədəni, dini abidələrimizi məhv etməyə çalışıblar.

K.Bayramov ixtisasca hüquqşünas olan babasının da XX əsrin ortalarında deportasiyaya məruz qaldığını, ailəsi ilə birlikdə əvvəlcə Qəbələyə, ardınca Ağdaşa köçdüyünü diqqətə çatdırıb.

Onun sözlərinə görə, babası vəkillik fəaliyyəti göstərdiyi üçün o zaman Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımıza böyük köməkliklər göstərib. Deputat söyləyib ki, ötən əsrin deportasiyalarında Qərbi Azərbaycanın Göyçə və Zəngibasar mahallarından didərgin salınan 27 minə yaxın azərbaycanlı Şəmkir rayonunda məskunlaşıb. Dörd mindən çox soydaşımız isə Daşkəsən rayonuna pənah gətirib.

K.Bayramov Qarabağ Zəfərindən sonra soydaşlarımızda Qərbi Azərbaycana qayıtmaq ümidi və inamının daha da artdığını diqqətə çatdırıb. Qayıdış Konsepsiyasının mükəmməl səviyyədə hazırlanan mühüm dövlət sənədi, yol xəritəsi olduğunu vurğulayan millət vəkili tarixi Azərbaycan torpaqlarına sahib çıxmağın əhəmiyyətini dilə gətirib. Bildirib ki, bütün xalqların öz Vətənində yaşamaq hüququ var və Qərbi Azərbaycanın əzəli sakinlərinin də öz ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.