Stoltenberq: Azərbaycanla Ermənistan arasında davamlı sülh həm də NATO müttəfiqlərinin marağındadır

Stoltenberq: Azərbaycanla Ermənistan arasında davamlı sülh həm də NATO müttəfiqlərinin marağındadır

Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi bizim üçün çox vacibdir.

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.

"Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. Bır sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür", - Y.Stoltenberq bildirib.

O vurğulayıb ki, regionda sülh və sabitliyin əldə olunması bölgə əhalisi üçün çox vacibdir: "Bu, həmçinin investisiyanın cəlbi və rifah üçün şəraitin yaradılması baxımından çox əhəmiyyətlidir. Çünki biz bilirik ki, sülh və sabitlik iqtisadi inkişaf və dirçəliş üçün əsas şərtdir. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malikdir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək".