Azərbaycan 2 aya meyvə-tərəvəz ixracından 100 mln. dollara yaxın gəlir əldə edib

Azərbaycan 2 aya meyvə-tərəvəz ixracından 100 mln. dollara yaxın gəlir əldə edib

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 99 milyon 481 min ABŞ dolları dəyərində 87 min 71 ton meyvə-tərəvəz ixrac edilib.

Birxeber.Az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24.6% və ya 19.6 milyon ABŞ dolları, həcmi isə 28% və ya 19 min ton artıb. 2023-ci ilin ilk 2 ayında Azərbaycan 79 milyon 851 min ABŞ dolları dəyərində 68 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 30 milyon dollar dəyərində tomat (21.7 min ton) , 26.4 milyon dollar dəyərində xurma (33.3 min ton), 22,9 milyon dollar dəyərində meşə fındığı (3.8 min ton), 12.1 milyon dollar dəyərində alma (18.3 min ton ), 2,5 milyon dollar dəyərində nar (2.8 min ton), 198 min dollar dəyərində kartof (625 ton) olub.

Əlavə edək ki, cari ilin yanvar-fevral aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.86%-ə bərabər olub.