Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq

Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə bağlı təhlillər aparıb.

"Birxeber.Az" bu barədə nazirliyə istinadən xəbər verir.

Təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması effektiv olub. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.

Müsbət nəticələr nəzərə alınaraq, 20-26 mart tarixlərində – Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.

Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.