Almaniya klubunun baş məşqçisi mövsümün sonunda istefa verəcək

Almaniya klubunun baş məşqçisi mövsümün sonunda istefa verəcək

Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx mövsümün sonunda istefa verəcək.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

58 yaşlı çalışdırıcı cari mövsümün sonunda "Frayburq"u tərk edəcəyini deyib: “Bu barədə uzun müddət düşündüm və rəhbərliklə çoxlu söhbətlər etdim. Hesab edirəm ki, 29 ildən sonra yeni insanlara yer vermək üçün doğru zamandır. "Frayburq"da işlədiyim müddətdə yüzlərlə qeyri-adi təcrübə yaşadım. Bu klub mənim həyatımdır və burada aldığım böyük sevgi və dəstəyə görə minnətdaram".

Ştrayx 1995-ci ildən 2011-ci ilə qədər "Frayburq"un gənclər və U-19 komandalarında baş məşqçi olub. 2007-ci ildə əsas komandanın köməkçi məşqçisi olan çalışdırıcı 2012-ci ildən baş məşqçi postuna təyin edilib.

Almaniyalı mütəxəssis UEFA Avropa Liqasının 2022/2023 mövsümündə qrup mərhələsində "Qarabağ"la qarşılaşıb.

Qeyd edək ki, "Frayburq" Bundesliqanın son turunda "Bayer 04"ə 2:3 hesabı ilə məğlub olub. Komanda hazırda Almaniya çempionatında 33 xalla 9-cu yerdədir.