IRENA-nın Baş direktoru: COP29 üzrə əməkdaşlıq bütün istiqamətlərdə davam edir

IRENA-nın Baş direktoru: COP29 üzrə əməkdaşlıq bütün istiqamətlərdə davam edir

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) COP29-un uğurla həyata keçirilməsi üçün Azərbaycanla bütün sahələrdə, o cümlədən texniki səviyyədə əməkdaşlığı dəstəkləməyə davam edir.

Bunu "Report"a müsahibəsində IRENA-nın Baş direktoru Françesko La Kamera deyib.

“Əməkdaşlıq bütün istiqamətlər üzrə davam edir. İyun ayında Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya səfər edəcəyəm. Beləliklə, bizim bu əməkdaşlığın bütün elementləri üzrə işləri yekunlaşdırmaq və fəaliyyət üçün dəqiq qrafik hazırlamaq imkanımız olacaq”, - o bildirib.

La Kamera qeyd edib ki, artıq Azərbaycanın xarici işlər naziri, energetika naziri və COP29-un prezidenti ilə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün bir sıra görüşlər keçirib.

Baş direktorun sözlərinə görə, IRENA, ötən ilin dekabrında Dubayda bərpa olunan enerji mənbələrinin həcmlərinin üç dəfə artırılması öhdəliyinə dair (qlobal temperatur artımını 1,5°C-yə qədər saxlamaq üçün 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq öhdəliyi) məlumat verə bilər: “Bu, öhdəliklərin hansı dərəcədə yerinə yetirildiyini anlamağa imkan verəcək. Üstəlik, bununla bağlı hesabat hazırlayacağıq və bu, əməkdaşlıq üçün hazır model olacaq”.