Diqqət əskikliyi və hiperaktivlik sindromunun simptomları açıqlanıb

Diqqət əskikliyi və hiperaktivlik sindromunun simptomları açıqlanıb

Yeniyetmələrdə diqqət əskikliyi və hiperaktivlik sindromunun ən çox görülən simptomları və əlamətləri arasında diqqəti tapşırıqlara cəmləməmək və onları tamamlaya bilməmək və s. bu kimi amillər daxildir.

Birxeber.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova bildirib.

Onun sözlərinə görə, eyni şəkildə işləyə bilməmə, məhsuldarlığın itirilməsi, səmərəsiz vaxt planlanması da görülə bilər. Bu, insanın öz düşüncəsinə fokuslana bilməməsindən irəli gəlir. Psixoloq bildirib ki, nevroloji müalicələr və psixokorreksiya nəticəsində bu çatışmazlığı aradan qaldırmaq mümkündür.

Psixoloqun sözlərinə görə, müasir dövrdə rast gəlinən diqqət çatışmazlığı ilə müşahidə olunan hiperaktivlik aktual pozuntusu tibbi-sosial məsələlərdən biridir:

“Diqqət çatışmazlığı və hiperaktiv pozuntu (DÇHP) uşaqların MSS (mərkəzi sinir sistemi) yetkinləşməsinin ləngiməsi, beyin funksiyalarının formalaşması, yeni yaşam şəraitinə uyğunlaşma və idrak fəaliyyətində çətinliklərə səbəb olur. Təxminən 2-3 yaşlarında uşaq ayaq açmağa başladıqda hərəkət funksiyalarında özünü büruzə verir”.

Mütəxəssis deyib ki, çoxsaylı araşdırmalara baxmayaraq, diqqət çatışmazlığı və hiperaktiv pozuntunun spesifik səbəbləri yoxdur:

“Buna genetik, neyroanatomik, neyrofizioloji, biokimyəvi, psixososial amillərin təsiri ehtimal olunur. Pozuntu patogenezində genetik meylin həlledici rolunu oynayır, lakin problemin davametmə müddətində isə ona uyğun gələn simptomlarla bağlı olur. Diqqətsizlik meyarlarına fikirləri toparlamamaq və uzun müddətli zehni əmək tələb edən işləri yerinə yetirməkdə çətinlik çəkmək, unutqanlıq, şəxsi əşyaların itməsi və s. aid etmək olar.
İmpulsivlik ilə bağlı qarşılaşa bilinəcək situasiyalara isə verilən sualları tam dinləmədən cavablandırmaq, növbə gözləməkdə çətinlik çəkmək və başqalarının sözünü kəsmək daxildir. Hiperaktivlik ilə bağlı qarşılaşıla bilinəcək amillərə isə çox danışmaq, davamlı hərəkət halında olmaq və s. aiddir”.

Psixoloq eyni zamanda deyib ki, hər bir hal üçün optimal müalicə fərqlidir:

“Düzgün aparılan korreksiya normallaşma ilə nəticələnir. Korreksiya işləri uşağın özünüqiymətləndirmə, yeni bacarıqların mənimsənilməsi, ailədəki vəziyyət, valideynlər və digər insanlarla münasibətlərı, məktəb müəllimləri ilə əlaqə qurmaq, başladığı işi planlaşdırmaq və başa çatdırmaq bacarığını aşılamaq, düzgün nitq ünsiyyəti və s. məsələlərin həllinə yönəldilməlidir. DÇHP olan uşaqlar və yeniyetmələr mütləq psixiatr müayinəsindən keçməlidirlər. Psixiatrın müəyyən etdiyi müalicə psixoloqun və ailənin dəstəyi ilə birlikdə daha yaxşı nəticə verir. Psixiatr və psixoloqun birlikdə müalicəsi nəticəsində uşağın diqqətini toplamağa kömək edə və impulsivliyini azaldaraq davranışda daha az müşahidə olunmasına səbəb ola bilər. Psixoloq sistemli şəkildə bu çatışmazlıqların korreksiyası ilə məşğul olur. İlk olaraq diqqətin korreksiyasından başlamaq lazımdır. Müəllim və valideynlər bilməlidir ki, diqqət inkişaf etdirilməsindən uşaqdan sakit və qeyri-impulsiv olmasını gözləmək olmaz. Çünki hiperaktiv uşaqdan eyni zamanda sakit, diqqətli olmaq, həm də davranışlarını idarə etmək çətindir.

Bundan əlavə, diafraqma ilə nəfəs almağı və nəfəsə nəzarət etməyi öyrənmək üçün həm onların fiziki, həm də emosional sağlamlıqlarına müsbət təsir edəcək”.

Psixoloq bildirib ki, böyüklərdə və uşaqlarda gündəlik həyatda zaman-zaman bir vəziyyətə, hadisəyə laqeydlik, konsentrasiyanın itirilməsi, diqqətsizlik və ya unutma kimi davranış reaksiyaları müşahidə oluna bilər:

“Bu reaksiyalar adətən insanın həyatında baş verən psixoloji və bioloji təsirlərə əsaslanır. Adətən buna səbəb olan vəziyyətlər aradan qalxdıqda, insan əvvəlki vəziyyətinə qayıdır. Ancaq bu reaksiyalar yaşandıqca, uşaqlıqdan yetkinliyə qədər davam edə bilən diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu ilə tez-tez qarışdırılır. Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu tibb və psixologiya sahələrində “həddindən artıq və impulsiv fəaliyyət, anlama pozğunluğu və diqqəti cəmləyə bilməmə, fəaliyyət pozğunluğu” kimi müəyyən edilir”.