“Toplum TV”-nin qrant qaçaqmalçılığında iştirakını təsdiqləyən yeni detallar üzə çıxıb - ARAŞDIRMA

“Toplum TV”-nin qrant qaçaqmalçılığında iştirakını təsdiqləyən yeni detallar üzə çıxıb - ARAŞDIRMA

Yalnız “əmək haqqı” adı ilə 715 min manat vəsait götürüblər

Cinayət məsuliyyətinə cəlb edilmiş “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılanların işi üzrə yeni faktlar aşkarlanıb. Əldə olunan sənədlər bu şəxslərin qrant qaçaqmalçılığında iştirakı üzrə şübhələri təsdiqləyib.

Bəlli olub ki, şəbəkə formasında, əlaqələndirilmiş qaydada hərəkət edən bu şəxslər ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", “OCCRP” layihələri ilə əməkdaşlıq müstəvisində “qrant” vəsaiti almaq üçün xarici banklarda hesablar açıblar. Azərbaycanda qeydiyyatdan keçirilməyən “qrant” vəsaitlərinin qeyri-leqal yollarla ölkəyə gətirilib realizə olunması üçün həmin bank hesablarından istifadə ediblər.

Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-nin “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib.

Hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün şəbəkə üzvləri Gürcüstan yolundan başqa digər variantlardan da yararlanıblar. Vəsaitlərin bir qismini hissələrə bölərək, Azərbaycanda fərqli banklarda açdıqları “cari hesablar” üzərindən götürüblər. Məsələn, Belçikadakı “European Service Network” şirkəti Akif Qrbanova çatmalı olan 19 381 avro məbləğində vəsaiti onun Access Bankdakı hesabına yönləndirib. Ələsgər Məmmədlinin eyni bankdakı hesabına isə başqa bir ölkədən hissə-hissə, ümumilikdə 71 min avro daxil olub.

“Toplum TV”-nin redaktoru, şəbəkə üzvləri ilə birgə saxlanılmış Müşfiq Cabbarov isə xaricdən gələn 15 900 avro məbləğində vəsaiti “Bank Melli İran”ın Azərbaycandakı filialında və “Premium Bank”da nağdlaşdırıb.

Rəqib mərkəzlərin anti-Azərbaycan motivli layihələri “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, "III Respublika Platforması”, “Abzas Media”-nın iştirakı ilə fərqli adlar altında reallaşdırılıb. Yerli təmsilçi qismində çıxış edən bu “KİV və QHT-lər”ə zəruri sifarişləri icra etdirmək üçün “qrant” adı altında böyük miqdarda vəsaitlər ötürülüb. Həmin “qrant vəsaitləri” qeyri-leqal yollarla Azərbaycana gətirilib.

Şəbəkə üzvləri qanunvericiliyi pozaraq, bu layihələri Ədliyyə Nazirliyində qeydə aldırmayıblar. Layihələr üzrə verilən vəsaitlər hissələrə bölünüb. Bir qismi Azərbaycan, bir qismi Gürcüstan, digər qismi isə Avropa ölkələrindəki banklar üzərindən köçürülüb, diqqətdən yayındırılıb.

İndi bəlli olur ki, hissələrə bölünərək verilən bu vəsaitlər yekunda böyük məbləğlərə çevrilib. Məsələn, Demokratik Təşəbbüslər İnstitutu ilə “Toplum TV”-nin müştərək ofislərində çalışan işçilərin yalnız “əməkhaqqı” ödənişləri və ofis avadanlıqlarının alınması üçün 2020-2023-cü illərdə 715 min manat vəsait ayrılıb. İlkin mərhələdə işi qurmaq üçün isə onlara 246 min manat məbləğində birdəfəlik vəsait verilib. Bu vəsaitlər hissələrə bölünərək alındığı üçün diqqət çəkməyib. Həmin vəsaitin ölkəyə gətirildiyini təsdiqləyən sənədlər indi istintaq qurumlarının əlindədir.

Şəbəkədə birləşən QHT və KİV arasında “dostluq və ailə bağları”

Məlumat üçün qeyd edək ki, Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, "III Respublika Platforması” ayrı-ayrı qurumlar kimi təqdim edilsələr də, reallıqda eyni qrup şəxslərin təmsil olunduğu platformalardır. Koordinasiya edilmiş formada, eyni hədəflər üzrə çalışırlar. “Abzas Media” və Beynəlxalq “Fakt yoxla” (“Fact Check”) platformasının Azərbaycan redaksiyası da bu şəbəkənin üzvüdür. Məsələn, Akif Qurbanov “Demokratik Təşəbbüslər İnstitutu”nun təsisçisidir. Eyni zamanda, “III Respublika Platforması”nın təsisçisi və spikeridir. “Demokratik Təşəbbüslər İnstitutu” paralel şəkildə beynəlxalq layihə olan “Fakt yoxla”nın (Fact Checking) Azərbaycan təmsilçisidir. Beləliklə, Akif Qurbanov həm “Demokratik Təşəbbüslər İnstitutu”, həm “III Respublika Platforması”, həm də “Fakt yoxla”nın Azərbaycan seqmentini koordinasiya edən əsas simadır.

Ələsgər Məmmədlinin hüquqi təsisçisi olduğu “Toplum TV”nin redaksiyası da “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) ofisində yerləşdirilib. Beləliklə, “Toplum TV”nin DTİ-i ilə koordinasiyası təmin edilib.

“Toplum TV”-nin baş redaktoru Xədicə İsmayıldır. Xədicə ismayıl həm də OCCRP-nin (Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsi) Azərbaycan üzrə əsas nümayəndələrindən biridir. Bu vasitə ilə qeyd edilən yerli şəbəkə həm də OCCRP-i ilə əlaqələndirilir.

“Fact Checking” saytının Akif Qurbanov tərəfindən koordinasiya edilən Azərbaycan redaksiyasında baş redaktor postunu Leyla Mustafayeva tutur. O, bir zamanlar Gürcüstandan Azərbaycana qanunsuz qrant vəsaiti keçirdiyinə görə həbs edilmiş Əfqan Muxtarlının həyat yoldaşıdır. Leyla Mustafayevanın adı paralel şəkildə “Abzas Media” saytının adminləri sırasında görünür. Ülvi Həsənli həbs edildikdən sonra Leyla Mustafayeva “Abzas Media” saytının redaksiyasını Almaniyaya, özü yaşadığı şəhərə köçürərək, oradan idarə edir. “Abzas Media”nı beynəlxalq statuslu “The Baku Connection” platformasına daxil edib. Bu platforma vasitəsilə “Abzas Media”nın fəaliyyətini 15 trans-milli KİV-lə əlaqələndirir. “Abzas Media”da anti-Azərbaycan ruhlu məqalələri paralel şəkildə həmin 15 trans-milli KİV-lər vasitəsilə beynəlxalq auditoriyaya ötürür.

Bu kontekstdə yanaşsaq, Leyla Mustafayeva “Abzas Media”, “Toplum TV”, o cümlədən, “Demokratik Təşəbbüslər İnstitutu” arasında əlaqələndirici şəxslərdən biri, bu şəbəkənin beynəlxalq əlaqələrini yaradan sima kimi görünür.

Leyla Mustafayevanın baş redaktor olduğu “Fakt yoxla” layihəsinin Azərbaycan redaksiyası bununla yanaşı, Leyla Mustafayeva İCİJ ( Beynəlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsi/Konsorsiumu) ilə əməkdaşlıq edir.

Bu siyahını kifayət qədər uzatmaq, onlarla platformanın adını çəkmək olar. Çıxan nəticə isə birdir. Beynəlxalq səviyyəli anti-Azərbaycan şəbəkənin yerli QHT və KİV sektorunda təmsilçiləri funksiyasını yerinə yetirən bu təşkilatların hamısının koordinatorları təqribən eyni şəxslərdir. Akif Qurbanov, Ələsgər Məmmədli, Xədicə İsmayıl, Ülvi Həsənli, Leyla Mustafayeva, Arzu Qeybulla və başqaları yerli platformaların koordinatorları kimi görünürlər. Yerli icraçı təşkilatlara ötürülən qanunsuz “qrant” vəsaitləri bu şəxslərin iştirakı ilə bölüşdürülür.

Diqqət çəkən məqamlardan biri də odur ki, qrant adı ilə ötürülən yüksək məbləğli vəsait dar bir çevrə arasında mənimsənilir. Məsələn, Ələsgər Məmmədli “Toplum TV”-nin təsisçisidir. Onun qardaşı qızı Gülnaz Məmmədli isə “Toplum TV”-nin işçisidir. Yaxud, Ruslan İzzətli "III Respublika Platforması”nın qurucu heyət üzvüdür. Onun həyat yoldaşı Günel Manaflı da “Toplum TV”də çalışır. Bu tip nümunələrin sayı çoxdur. Görünən budur ki, anti-Azərbaycan şəbəkədən sifariş alıb icra edən yerli platformaların üzvləri qohumluq, dostluq, yoldaşlıq prinsipi ilə bir-birinə bağlanıblar. Sifarişlərin icrası üçün gələn vəsaitin kənara çıxmasına yol vermirlər. Pulları “sağ əldən alıb sol cibə ötürürlər”. Gələn vəsait onların özləri və “şirkətlərində çalışan ailə üzvləri” tərəfindən mənimsənilir. Bu baxımdan, verilən sifarişlər milli maraqlara zidd olsa belə, canla-başla icra edilir.

OCCRP-in Azərbaycana qarşı necə münasibət bəslədiyi hər kəsə bəllidir. "Azərbaycan landromatı", “Pandora sənədləri” kimi təxribatçı və yalançı hesabatlar hazırlatdırıb ölkəmizin adını beynəlxalq qalmaqallara qatan bir qurumdur. OCCRP-nin özü USAID və Soros Fondunun “müştərək layihəsi” kimi ortaya çıxıb. 2016, 2018 və 2021-ci illərdə OCCRP- İCİJ - “Transparency İnternational” üçlüyü vasitəsilə Azərbaycana qarşı “uğurlu qarayaxma kampaniyası” aparılıb. 2016-cı ildə bu üçlük müştərək şəkildə TANAP və TAP layihələrini, “Cənub Qaz Dəhlizi”ni vurublar. Azərbaycanın “Cənub Qaz Dəhlizi”ni reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoymağa çalışıblar, Azərbaycanla MSŞT-nin (Mədən Sənayesində Şəffaflıq Təşkilatı) arasında münasibətləri gərginləşdiriblər. 2016-cı ildə gerçəkləşdirilən kampaniya bənzər şəkildə, fərqli mövzular üzrə 2018-ci ildə və 2021-ci ildə təkrar olunub.

Həmin dövrdə prosesin Azərbaycandakı dəstəkçisi qismində “radikal müxalifət” düşərgəsi görünüb. “Milli Şura” - AXCP cütlüyü Avropa Şurasına müraciət edərək, “Transparency İnternational” – OCCRP - İCİJ üçlüyü tərəfindən hazırlanmış hesabatların ciddiyə alınmasını, Azərbaycan üzrə araşdırmalar aparılmasını tələb ediblər.

İndi əldə edilən sənədlər göstərir ki, “Toplum TV” və “Demokratik Təşəbbüslər İnstitutu” da prosesin içində olub. Belə ki, “Toplum TV”-nin işçisi olan Müşfiq Cabbarov OCCRP-nin sifarişi ilə çəkilən və Azərbaycanı hədəf alan filmlər üçün xüsusi videomateriallar hazırlayıb. Sonrakı dövrlərdə bu fəaliyyətini daha da genişləndirib. Paralel şəkildə fransız rejossor Benoit Bringer, həmçinin, “Forbidden Films” (Qadağan olunmuş filmlər) platformasının meneceri Thierry Mangeard ilə əməkdaşlıq edib. Aldığı pul müqabilində 2021-ci ildə Azərbaycan, Özbəkistan və Türkmənistanı hədəf alan “The Chaviar Connection” (Kürü bağlantısı) adlı filmin çəkilişində iştirak edib. Məlumat üçün qeyd edək ki, bu film Fransa hakimiyyəti tərəfindən dəstəklənib.

“Demokratik Təşəbbüslər İnstitu”nun koordinatoru Rasim Babayev isə daha çox “Fakt Yoxla” şəbəkəsi ilə işləyib. “Fakt yoxla”nın Azərbaycan redaksiyası ilə əməkdaşlığa cəlb edilmiş gənclər üçün təlimlər təşkil edib. “Gənc jurnalistlərin” Azərbaycana qarşı neqativ ruhda yetişdirilməsində rol alıb.

Babayevin adı həm də bu şəbəkə üzrə “qara kassir” rolunda çəkilir.

“Qrant çirkabı”na batmış şəbəkənin hədəfləri

“Toplum TV”, “AbzasMedia”, “Fakt Yoxla” redaksiyasının, həmçinin, “Demokratik Təşəbbüslər İnstitutu”nun, “III Respublika Platforması”nın yeganə qüsuru qrant üzrə qanunvericiliyi pozmalarında, qrant vəsaitlərini qeydiyyatdan yayındırmalarında, nəhayət, bu vəsaitləri mənimsəmələrində deyil. Onların icra etdikləri “qrant layihələri”nin məzmunu da çirklidir. Hədəfləri anti-milli ovqatlıdır. ABŞ və Fransanın hikkəsinə köklənmiş, Azərbaycanın müstəqil xarici siyasətini hədəf seçmiş layihələrdə rol alıblar. “Erməni şəbəkəsi”nin revanşist hərəkətlərinə haqq qazandıran tezislərin Azərbaycan auditoriyasına yeridilməsini təmin ediblər. Beynəlxalq güc mərkəzlərinin Azərbaycanı şərləmək üçün qurduqları planları əsaslandırmaq üçün lokal təxribatlar törədiblər.

Bir ay öncə-fevral ayında Azərbaycanda prezident seçkisi keçirildi. Elan olundu ki, növbədənkənar formada keçirilən bu seçkinin əsas motivi Azərbaycanın bütün ərazilərini əhatə etməsindədir. Müstəqillik dövründə ilk dəfə oldu ki, prezident seçkisi Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən, işğaldan azad edilmiş regionlarda baş tutdu. Bu baxımdan 7 fevral seçkisi ümumilli aksiyaya xarakteri aldı; müstəqil Azərbaycan dövlətinin və Azərbaycan xalqının özünütəsdiq simvoluna çevrildi. Təbii ki, bu kontekstdə xarici güc mərkəzlərinin, o cümlədən, “erməni şəbəkəsi”nin müqavimətilə üzləşdi. Fransa özünün sözü keçən Avropa təşkilatlarını hərəkətə gətirdi. “Erməni şəbəkəsi”nə dəstək verərək, Xankəndini, Xocalını əhatə edən seçki prosesini qaralamaq üçün çalışdı. ABŞ da fərqli formatlarda iz buraxdı.

Problem ondadır ki, “Toplum TV” redaksiyası, “Demokratik Təşəbbüslər İnstitutu”, “III Respublika Platforması” və onların ətrafında formalaşdırılmış şəbəkə də Fransa, ABŞ və “erməni şəbəkəsi” ilə sinxron hərəkətlər sərgilədilər. Xədicə İsmayıl, Ələsgər Məmmədli, Akif Qurbanov və digərləri seçkiləri gözdən salmaq üçün“Toplum TV” ilə “Demokratik Təşəbbüslər İnstitutu”nun nəzdində xüsusi qruplar yaratdılar. Təcrübəsiz gənclərdən ibarət olan qrup üzvləri maddi maraqla şirnikləşdirilərək, seçki təxribatları törətmək üçün təlimatlandırıldılar. Həmin qruplar səsvermə günü seçki məntəqələrində lokal insidentlər törətməli, bu insidentlər üzrə videomateriallar hazırlamalı, yekunda seçki prosesinin qeyri-demokratik olduğunu isbatlamalıydılar.

Qrupların yaradılması və təlimatlandırılması prosesində indi həbsə alınmış digər bir şəxs - İlkin Əhmədov da çalışıb. Onun həmkarı, həbsə alınmış Fərid İsmayılovun əsas missiyası isə rayonlara səfər edib tənqidi ruhlu videomayeriallar hazırlamaq olub.

Düzdür, bu şəbəkə və onun himayədarları sonda məğlub oldular. Müvafiq dövlət qurumlarının ayıq-sayıq davranışları nəticəsində iflasa uğradıldılar. Yəni, heç bir nəticə əldə edə bilmədilər. Amma təəccüblüdür ki, hələ də qeyd edilən şəbəkə üzvlərinin “məsum olduğunu” söyləyənlər tapılır. Məsələn, Ələsgər Məmmədlini “dövlətçi”, “milli maraqların müdafiəçisi” adlandırıb “səbəbsiz yerə həbs olunduğunu” iddia edənlər ortaya çıxır. Yuxarıda təsvir etdik ki, Ələsgər Məmmədlinin qrant qaçaqmalçılığında iştirakını təsdiq edən sənədlər artıq istintaqın əlindədir. Qaçaqmal yolu ilə alınmış qrantların hansı məqsədlərlə sərf edildiyi barədə isə Azərbaycan mediasında zəruri məlumatlar yayılıb. “REAL Təhlil və İnformasiya Mərkəzinin” “APA analitik qrupla” müştərək hazırladığı, “7 fevral gününün təxribat xronologiyası” adlı analitik materialda bu barədə təfərrüatlı bilgilər verilir (https://apa.az/xarici-siyaset/abs-i-meyus-eden-secki-texnoloqlari-819541).

Həmin məqalədə əks olunmuş faktlar təsdiqləyir ki, Ələsgər Məmmədli nəinki qrant qaçaqmalçılığı prosesində iştirak etməklə özünün hüquqşünas imicini zədələyib, eyni zamanda, ümumilli akiyaları qaralamaq üçün keçirilən xarici kampaniyalara dəstək verib. İndi onun “məzlum obrazını” yaradanlar bu faktlardan xəbərsizdirlərmi? Yoxsa “müdafiə tərəfi” də hansısa “qrant layihələri” üzrə hərəkət edirlər?

Görünür, bu məqamların da araşdırılmasına zərurət var.