Hakan Fidan: İraq terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etməyə hazırdır

Hakan Fidan: İraq terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etməyə hazırdır

İraq terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bursada çıxışı zamanı deyib.

O bildirib ki, qarşı tərəf PKK terror təşkilatının İraqın maraqlarına zidd hərəkət etdiyini ilk dəfə etiraf edib: “Fürsətlərin arxasınca gedəcək, imkanları qiymətləndirəcəyik. Türkiyə yeni dünya düzəninin qurulmasında mühüm rol oynayır. Prezidentimizin “Dünya beşdən böyükdür” tezisinin hər yerdə əks-səda verməsi də təsadüfi deyil”.

H.Fidan vurğulayıb ki, Türkiyə artıq təkcə oyun quran deyil, lazım gələndə həm də oyunu dəyişdirən aktordur: “Bunu terrorla mübarizə strategiyamızda da görürük. Son 21 ildə terrorla mübarizə sahəsində əldə edilən uğur göz önündədir. Terror bəlasını sadəcə ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da təmizləməyə davam edirik. İraq terrorla mübarizədə bizimlə birlikdə hərəkət edəcəyinə söz verib. İraqlı qardaşlarımızla əməkdaşlıq bundan sonra da davam edəcək”.

Qeyd edək ki, bundan əvvəl H.Fidan, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəisi İbrahim Kalın Bağdada səfər etmişdilər. Yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğanın da İraqa səfəri gözlənilir.

Xatırladaq ki, daha əvvəl Y.Gülər yeni antiterror əməliyyatlarının anonsunu verib.