Aİ Misirə 7,4 milyard avro maliyyə yardımı göstərəcək

Aİ Misirə 7,4 milyard avro maliyyə yardımı göstərəcək

Avropa İttifaqı (Aİ) Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb və tərəfdaşlıq səviyyəsinin strateji səviyyəyə yüksəldilməsi üçün onunla birgə bəyannamə imzalayıb.

"Report"un məlumatına görə, bunu Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən Avropa-Misir sammitinin yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

"Bu gün Aİ ilə birlikdə Misirə 7,4 milyard avro dəyərində yardım paketi haqqında saziş, həmçinin tərəfdaşlığımızın səviyyəsini strateji səviyyəyə qaldıran birgə bəyannaməni imzaladıq", - Misir lideri bildirib.

Prezident əlavə edib ki, bu gün (dünən-red) Qahirədə baş tutan danışıqlar zamanı Avropa liderləri ilə enerji problemləri, yaşıl hidrogenin istehsalı və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərini müzakirə edib.

Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hazırkı formatda sammitlərin bundan sonra iki ildən bir keçiriləcəyini açıqlayıb. "Misirlə strateji və investisiya əməkdaşlığı planlarımız var. Biz inanırıq ki, Qahirənin yaxın gələcəkdə Yaxın Şərqin enerji mərkəzi olmaq potensialı var", - o deyib.