İspaniya fermerləri traktorlarla Madridin mərkəzi küçələrini bağlayıblar

İspaniya fermerləri traktorlarla Madridin mərkəzi küçələrini bağlayıblar

İspaniya fermerləri Avropanın kənd təsərrüfatı sektorundakı böhrana qarşı böyük etiraz aksiyası çərçivəsində traktorlarla Madridin bir sıra mərkəzi küçələrini yenidən bağlayıblar.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Günorta radələrində 1 000-dən çox insan Ekoloji Keçid Nazirliyindən İspaniya paytaxtının mərkəzi küçələri ilə Kənd Təsərrüfatı Nazirliyinin binasına doğru hərəkətə başlayıb, nazirlik rəhbəri Luis Planasdan sektorun vəziyyətini yüngülləşdirmək üçün konkret və qəti tədbirlər görülməsini tələb edib.

Asiyaçılar düşünürlər ki, Brüsselin bu həftə təklif etdiyi tədbirlər paketi ölkəni bürüyən kənd təsərrüfatı böhranını həll etməyəcək.

Bu dəfə etiraz, sektorun rəsmi nümayəndəsi kimi tanınmamasına baxmayaraq, son iki ay ərzində Krallıqdakı etirazların əsas təşkilatçılarından biri olan dördüncü ən böyük kənd təsərrüfatı birliyi olan “Union de Uniones”in bayrağı altında keçirilir. Beləliklə, həftə sonu Madrid hökumət nümayəndə heyəti şəhərə 1,5 minə qədər traktorun girişinə icazə verib. Ancaq təşkilatın hesablamalarına görə, yalnız 200-ə yaxın avtomobil daxil ola bilib.

Əsasən yaşıl jiletlər geyinmiş, İspaniya və “Union de Uniones” bayraqlarını dalğalandıran nümayişçilərdən ibarət karvan “hələ də çox səbəbimiz var” şüarları səsləndirib. Ətrafdan keçənlər etirazçılar karvanını coşqun qışqırıqlar və alqışlarla müşayiət ediblər. Digər nümayişlərdən fərqli olaraq, bu aksiyada fermerlərlə birlikdə çoxlu gənclər və uşaqlar da yürüş ediblər. Təşkilatçılar əvvəldən bunun ailə etirazı olduğunu bildiriblər.

Bu, kənd təsərrüfatı təşkilatının Madriddə keçirdiyi ikinci böyük nümayişdir. Birincisi fevralın 21-də keçirilib, həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fermerlər arasında toqquşma nəticəsində azı 10 nəfər xəsarət alıb.

İspan fermerləri fevralın 6-dan traktorlarla ölkə boyu yolları bağlayıblar. Etirazçılar quraqlıqla mübarizə, iş şəraitinin yaxşılaşdırılması, məhsullarına ədalətli qiymətlərin müəyyən edilməsi, kənd təsərrüfatı dizel yanacağına vergi güzəştlərinin saxlanması və Avropanın kənd təsərrüfatı siyasətinin dəyişdirilməsi üçün əlavə maliyyə tələb edir.